Bəzi tələbələrə universitetlərindən COVID-19 pasportlarının təqdim edilməsi barədə bildirişlər gəlib
Sentyabrın 29-dan ölkədə ənənəvi formada tədris ili başlayacaq – həm orta, həm də ali məktəblərdə. Bu barədə dünən təhsil naziri Emin Əmrullayev açıqlama verib.
Hələ qərar açıqlanmamışdan əvvəl bir sıra ali təhsil ocaqları yenidən tələbə qəbul etməyə hazır olduğunu elan etmişdi. Bəzi tələbələrə universitetlərindən peyvənd olunmaları ilə bağlı COVID-19 pasportlarının təqdim edilməsi barədə bildirişlər də gəlib.
Bəs, ali məktəblər tələbə qəbuluna və ənənəvi formada təhsilin davam etdirilməsinə hazırdırmı? AYNA suallara cavab axtarıb.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə, onlar Təhsil Nazirliyi və Operativ Qərargah qərarlarını icra etməyə hazırdırlar: “Universitet olaraq həm ənənəvi, həm də distant formada təhsili davam etdirməyə hazırıq”.
“Hazırda tələbələrin vaksinasiyadan keçməsi prosesi davam edir və vaksinasiyadan keçən tələbələrin məlumatları toplanılır. Artıq xeyli sayda tələbə vaksinasidan keçib və onların COVID-19 pasportu var”, - deyə AzTU sözçüsü bildirib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva da yeni tədris ilinin başlanmasına hazır olduqlarını deyib: “Dərslər ənənəvi qaydada da keçirilsə, distant formada keçirilsə də, biz hər iki hər iki vəziyyətə hazırıq. Təbii ki, dərslərin ənənəvi qaydada keçirilməsi daha yaxşıdır. Çünki ənənəvi təhsil onlayn təhsildən daha keyfiyyətlidir”.
AMİU təmsilçisi Memarlıq fakültəsində dərslərin çoxunun keçən semestrdən ənənəvi formada davam etdiyini də vurğulayıb: “Çünki həmin fakültədə xüsusi qabiliyyət tələb edən ixtisaslar var ki, onlar üçün yalnız ənənəvi təhsil forması üstünlük təşkil edir. Ona görə də bizim universitetdə bütn müəllim heyəti tam tərkibdə dərslərin ənənəvi foramda keçirilməsinə hazırdır. Universitetimizin müəllim heyətinin peyvəndlənməsi də tam şəkildə həyata keçirilib. Təbii ki, burada da müəyyən istisnalar mövcuddur. Peyvəndə qarşı əks göstərişi olan müəllimlərin əks göstəriş sertifikatları da var. Tələbələrimizin də bəziləri peyvənd olunub. Düzdür, bununla bağlı statistikanı aparmaq çətindir. Amma tələbələr də gündəlik verilən qərarları izləyir və tələblərə əməl etməyə çalışırlar. Bir sözlə, universitetimiz hər zaman hər iki təhsil formasının həyata keçirilməsinə hazırdır”.
Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın dediyinə görə, onlara qabaqcadan dərslərin ənənəvi qaydada bərpasına tam hazır olmaq tapşırığı verilib: “Universitetimiz qarşıdakı təhsil ilində tələbələri ənənəvi qaydada qəbul etməyə tam hazırdır. Universitetin 3 tədris korpusu, 160 yerlik tələbə yataqxanası, yeməkxanası, laboratoriyaları cari tədris ilində tələbələrin üzünə açıqdır. COVID-19 pandemiyası ilə bağlı dezinfeksiya işləri aparılıb. Bütün korpuslarda otaqlar antiseptik məhlullarla dezinfeksiya edilib, teplovizorlar, birdəfəlik tibbi əlcəklər, qoruyucu maskalarla təmin olunub, müəllimlər üçün üz sipəri alınıb. 2021-2022-ci tədris ilində əsas yeniliyimiz universitetin Elmi Kitabxanasının əsaslı təmirdən sonra bərpasıdır. Burada elektron kitabxana tələbələrin ixtiyarında olacaq”.
Müsahibimiz tələbələrin və müəllimlərin peyvəndlənməsi ilə bağlı vəziyyət qənaətbəxş olduğunu deyib: “Tələbələrin 80 faizdən çoxu artıq vaksinasiya olunub. Müəllimlərin və işçi heyətinin peyvəndləməsinə gəldikdə isə, bu rəqəm 90 faizi ötür. Müəyyən səbəblərə görə peyvənd olunmayan müəllimlər bununla bağlı rəsmi icazə kağızı almaqdan ötrü müvafiq qurumlara müraciət ediblər və onlar nəticəni universitetə bildirəcəklər”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq yeni tədris ilinə ənənəvi qaydada başlamağa hazır olduqlarını bildirsə də, tələbələrin peyvəndlənməsi isə bağlı statitika açıqlamayıb: “Belə bir statistika təqdim edə bilmərik. Çünki tələbələr hələlik dərsə başlamayıblar. Onlar hələ yay tətilindədirlər. Bununla bağlı statistikamız sentyabrın 12-dən sonra ola bilər. Lakin universitetimizin rəhbərliyi və müəllim heyətinin 70 faizdən çoxu artıq vaksinasiya olunub. Universitetimiz sanitar-gigiyenik qaydalara əsaslanaraq tələbələri qəbul etməyə və yeni tədris ilinə tam şəkildə hazırdır”.
“Onu da qeyd edim ki, ötən tədris ilindən - fevralın 15-dən praktiki ixtisaslar üzrə tədris başlayıb. Rejissorluq, aktyorluq, rəssamlıq fakültələri idi ki, onlar hamısı ənənəvi tədrisə başlayıb. Digər nəzəri fənlər isə təbii ki, onlayn şəkildə davam etdirilirdi”, - deyə ADMİU nümayəndəsi söyləyib.