“Stansiya tam işə salındıqdan sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini ödəyə biləcək”
Rusiyanın Türkiyədə inşa etdiyi Akkuyu AES-in ilk enerji blokunun 2025-ci ildə istismara verilməsi planlaşdırılır. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.
AES-in mümkün işə salınma tarixləri arasında Türkiyənin milli bayramı - Cümhuriyyət Günü qeyd etdikləri 29 oktyabr tarixi qeyd edilirdi. Lakin sonradan bildirildi ki, Almaniyadan avadanlıqların tədarükü ilə bağlı problemlər səbəbindən tarix dəyişditrilib.
“Akkuyu AES-in ilk enerji blokunun 2025-ci ildə, dördünün də 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılır. Atom elektrik stansiyası tam işə salındıqdan sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini ödəyə biləcək”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Türkiyənin nüvə enerjisindən istifadəyə keçməsi atmosferə karbon qazı emissiyasını ildə 30 milyon ton azaldacaq: “Bu, həm Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi, həm də iqlim dəyişikliyi ilə mübarizə baxımından son dərəcə vacibdir”.
Akkuyu AES Türkiyədə Rusiyanın “Rosatom” Dövlət Korporasiyası tərəfindən tikilən ilk atom elektrik stansiyasıdır. Akkuyu layihəsinə Rusiya istehsalı olan VVER III+ nəsil reaktorları olan dörd enerji bloku daxildir. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. Hökumətlərarası sazişin şərtlərinə görə, AES-in birinci enerji blokunun istismara verilməsi bütün icazələr alındıqdan sonra yeddi il ərzində baş tutmalıdır. 2018-ci ildə ilk enerji blokunun tikintisi üçün lisenziyanın alınmasını nəzərə alsaq, bu müddət 2025-ci ilə təsadüf edir.