Məhv edilən çinarlar mühafizə olunan təbiət abidəsi sayılırlar
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il tarixli 26 mart tarixli qərarı ilə xüsusi mühafizə olunan təbiət abidələri siyahısına daxil edilmiş 152 ağac mövcud olub.
AYNA-nın APA-ya istinadən məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.
Onun sözlərinə görə, bu ağacların siyahısında Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı və digərləri var: “Bu ağaclar çox qədimdir, 1400-1600 yaşı vardı. İşğaldan azad olunmuş ərazilərdə mövcud olan 152 ağacdan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonunun ərazisində aparılan monitorinq zamanı 139-nun olduğu əraziyə baxış keçirilib. Monitorinq nəticəsindən məlum olub ki, bu ağacların 123-ü artıq məhv edilib, yandırılıb, kəsilib. Bu ağaclar çox qədimdir, yaşı min illərlə ölçülür, diametri 6 m-dək, hündürlüyü 40-50 m-dək olub. Ağdam rayonu ərazisində 85 belə Şərq çinarı ağacı mövcud olub. Monitorinq zamanı bu ağacların 82-nin kəsilərək məhv edildiyi ortaya çıxıb”.