Avropa liderləri ABŞ-ın Venesuelaya hücumları barədə mediadan məlumat alıblar
ABŞ NATO müttəfiqlərini Venesuelaya endirilən zərbələr barədə xəbərdar etmədiyi üçün Avropa liderləri münaqişənin başlaması barədə yalnız mediadan məlumat əldə ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
"ABŞ-ın Avropa tərəfdaşları Venesueladakı vəziyyət barədə mediadan məlumat əldə ediblər. Buna görə də, Avropa ölkələri hələlik həmin ölkədəki vəziyyətlə bağlı vahid mövqe ortaya qoya bilməyiblər", - deyə mənbə qeyd edib.
Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi Venesueladakı vəziyyəti “böyük narahatlıqla” izlədiyini açıqlamışdı. “Reuters” agentliyinin məlumatına görə, nazirlik Venesueladakı Almaniya səfirliyi ilə sıx əlaqədədir. Vəziyyəti müzakirə etmək üçün daha sonra böhran qrupunun iclası da keçiriləcək.
Qeyd edək ki, yanvarın 3-də ABŞ ordusu Venesuela paytaxtında və ölkə daxilindəki hədəflərə hava hücumları həyata keçirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro və birinci xanım Siliya Floresin tutularaq ölkədən çıxarıldığını iddia edən bir bəyanat yayıb.