ABŞ Maliyyə Nazirliyi Rusiya bankları ilə əməliyyatlara icazə verib

Dünya

30.04.2024 - 13:07

Əməliyyatlara qoyulan qadağa 2024-cü il noyabrın 1-dək götürülüb

ABŞ Maliyyə Nazirliyi enerji sektorunda hesablaşmalar üçün Rusiya bankları, o cümlədən VTB, Mərkəzi Bank, “Sberbank” və “Alfa Bank” ilə əməliyyatlara icazə verib. AYNA “Kommersant”a istinadən bildirir ki, ABŞ Xəzinədarlığının verdiyi lisenziyaya əsasən, əməliyyatlara qoyulan qadağa 2024-cü il noyabrın 1-dək götürülüb.

Müvəqqəti lisenziya alan banklar arasında “Otkritie Bank”, “Sovcombank”, “Rosbank”, “VEB.RF”, “Zenit Bank” və “Bank Sankt-Peterburq” da var.

Qərarda nazirlik izah edib ki, neft və bir sıra digər enerji resurslarının, o cümlədən LNG, odun, kömür və uranın çıxarılması, hasilatı, emalı, mayeləşdirilməsi, daşınması və ya alınması ilə bağlı əməliyyatlar enerji ilə bağlı hesab ediləcək. Lisenziya həmçinin Rusiya bankları ilə istənilən yolla enerji istehsalı, təchizatı və ya mübadiləsi ilə bağlı əməliyyatların aparılmasına icazə verir.

Qeyd edək ki, ABŞ 2022-ci ildə Rusiya maliyyə institutlarına qarşı sanksiyalar tətbiq etməyə başladı. Bundan əvvəl Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başladı.

Müəllif: Ayna.az