“İranın Rusiyaya raket tədarükü eskalasiyaya səbəb olacaq”
“İranın Rusiyaya yüzlərlə ballistik raket tədarük etmək planları gərginliyin kəskin artmasına səbəb ola bilər”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.
Keçən cümə günü “Reuters” Avropa kəşfiyyatındakı mənbələrinə istinadən xəbər verdi ki, onlarla rusiyalı hərbçi İranda “Fath-360” sistemləri ilə işləmək üçün təlim keçir.
“Amerikanın səsi”nin rus xidməti qeyd edir ki, raketlər Ukraynaya qarşı döyüş əməliyyatları üçün nəzərdə tutulub. “Fath-360” sistemləri 30-dan 120 kilometrə qədər qısa mənzilli taktiki raketlər sinfinə aiddir.
Mövcud məlumata görə, buraxılış anında raketin 150 kiloqramlıq döyüş başlığı səs sürətindən üç dəfə yüksək sürətə malikdir.
“Reuters”in məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib ki, ABŞ, onun NATO müttəfiqləri və G7 tərəfdaşları “İran bu tədarükləri həyata keçirərsə, tez və güclü şəkildə cavab verməyə hazırdırlar”.