"İşğalçı qoşunlar həm dinc əhaliyə, həm də hərbçilərə atəş açırlar"
"Rusiya gec-tez bizimlə müharibəni necə bitirmək barədə danışmalı olacaq". AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciəti zamanı deyib.
Ukrayna lideri bildirib ki, müharibəni başladan Rusiya gec-tez Kiyevlə danışmalı olacaq: "Döyüş əməliyyatlarını necə bitirmək və bu işğalı dayandırmaq barədə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkisi bir o qədər az olacaq".
Prezident bildirib ki, hələlik Rusiya Federasiyası hansı ərazilərdə necə hərəkət etməli olduğunu başa düşmür: "İşğalçı qoşunlar həm dinc əhaliyə, həm də hərbçilərə atəş açırlar. Amma ukraynalılar əsl qəhrəmanlıq nümayiş etdirirlər, əksər rayonlarda düşmənin qarşısını ala biliblər. Lakin bəzi yerlərdə döyüşlər hələ də davam edir".
"İndi ruslar Ukrayna Silahlı Qüvvələrinin yorulacağına ümid edərək hücuma keçirlər. Vəziyyət 1941-ci ildə Kiyevə edilən hücuma bənzəyir".
Prezident sadə ukraynalılara da müraciət edib: "İndi qohumların, dostların və qonşuların qayğısına qalmaq vacibdir. Düşməni harada görsəniz dayandırın, çünki ukraynalıların taleyi yalnız bizdən asılıdır. Həqiqət arxamızdadır, raketlər azadlığımız qarşısında acizdir”.
Xatırladaq ki, fevralın 24-də səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Səhər saat 5 radələrində Rusiya Ukraynanın işğalına başlayıb və bir çox böyük şəhərlərdə partlayışlar eşidilib. Onlarla insan yaralanıb və ölüb.
Günortadan sonra Rusiya Ordusu Sumı şəhərinə, eləcə də Xerson vilayətinin bir sıra şəhərlərinə soxulub. Axşam saatlarında işğalçılar Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.
Fevralın 25-də səhər saatlarında Ukrayna hərbçiləri Çerniqov vilayətində rus qoşunlarının hücumunu dəf edə biliblər.