“Danışıqların həqiqətən mənalı olmasını təmin etmək üçün əlimizdən gələni edirik”
“Şənbə günü ABŞ-da müharibənin sona çatması ilə bağlı görüşlər gözlənilir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski axşam videoçıxışında deyib.
O Amerika tərəfinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün mövcud danışıqlar formatları çərçivəsində işləməyə hazır olduğunu bildirdiyini vurğulayıb.
"Danışıqlarda fasilə yaranıb və onu bitirməyin vaxtıdır. Danışıqların həqiqətən mənalı olmasını təmin etmək üçün əlimizdən gələni edirik. Danışıq qrupunun siyasi hissəsi olan Ukrayna komandası artıq yola düşüb. Bu şənbə günü ABŞ-da görüş gözləyirik", - deyə dövlət başçısı bildirib.
O həmçinin əlavə edib ki, 19 martda danışıqlar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Aparatının rəhbəri Kirilo Budanov və Xalqın Xidmətçisi fraksiyasının lideri David Araxamia ilə ətraflı müzakirə olunub.
“Görüşlərdə Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kıslıtsya da iştirak edəcək. Bizim prioritetimiz ləyaqətli sülhü təmin etmək üçün mümkün olan hər şeyi etməkdir”, - deyə Zelenski vurğulayıb.