“Yüz milyonlarla vəsait xərcləyirik, amma...” – Milli Məclisdə narazılıq

Aktual

31.10.2025 - 13:58

Deputat: “Azərbaycanda 600 məktəbdə direktor yoxdur. Yəni 600 məktəbin siması görünməməkdədir”

Milli Məclisin payız sessiyasının bu gün keçirilən növbəti plenar iclasında 11 məsələ müzakirə olunub. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə deputatlar cari məsələlərlə bağlı çıxış edib, təkliflərini səsləndiriblər.

“Zəfərimizi həzm edə bilməyən daxili marjinal siyasi qruplar son zamanlar...”

Deputat  Vüqar Bayramov gələn həftə Qarabağ Zəfərinin 5 ilinin tamam olacağını bildirərək deyib ki, 22 il öncə ilk dəfə Prezident seçilən zamanı dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi hədəflər artıq reallaşıb: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Zəfərimizə aparan yol həmçinin Azərbaycan iqtisadiyyatının güclənməsindən və eləcə də ordumuzun maddi-texniki bazasının güclənməsindən keçdi. Zəfərimizi həzm edə bilməyən daxili marjinal siyasi qruplar son zamanlar Azərbaycanda həyata keçirilən islahatlara kölgə salmağa uğursuz cəhdlər edir və əsaslandırılmamış fikirlərini sosial şəbəkələr vasitəsi ilə yaymağa çalışırlar”.

“Azərbaycan iqtisadiyyatının keçirdiyi dövrü 3 mərhələyə bölmək mümkündür. Müstəqilliyin ilk illərindəki hakimiyyətlərin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan iqtisadiyyatı ciddi tənəzzülə qədəm qoydu. AXCP-Müsavat cütlüyünün iqtidarı dövründə iqtisadiyyat ciddi böhran mərhələsində qədəm qoydu və sənaye, kənd təsərrüfatı istehsalı 2.7 dəfə azaldı. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin yeni hakmiyyətdə olduğu dövrdə tənəzzülün qarşısı alındı və iqtisadiyyat inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ildən başlayaraq Azərbaycanda əvvəlki hakimiyyətlərin dövründə dərinləşən tənəzzül inkişaf ilə əvəz olundu. 1996-2002-ci illərdə ÜDM 71 faiz artdı. Bu müddətdə kənd təsərrüfatında 40.3 faiz, nəqliyyat və rabitədə 4,2 dəfə olmuş, tikintidə 5 dəfə və ticarətdə isə 1,9 dəfə artıb qeydə alındı. Bu o deməkdir ki, indiki toksit müxalifətin iqtidarda olduğu dövrdə yarıtmaz idarəetmə nəticəsində toksitləşdirdiyi iqtisadiyyat məhz Milli Liderimizin rəhbərliyi sağlamlaşdırıldı və yeni inkişaf mərhələsinə qədəm qoydu”, - deyə vurğulayıb.

“Strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb”

Millət vəkili deyib ki, İlham Əliyevin 22 illik Prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb: “ Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir”.

“Yeni dövrün yeni hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir. Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik. Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan yeni uğurlara imza ataraq inkişaf dinamikasını daha da gücləndirəcək”, - deputat fikrini tamamlayıb.

“Ali Baş Komandan məsuliyyətdən gərginlik keçirən generallara deyir: "Sizə güvənirəm və biz qalib gələcəyik!””

“Qələbə təqvimimizin 5-ci ilində əsrlərlə məruz qaldığımız torpaq və sərvət itkiləri, məcburi köçkünlük və qaçqınlıq dərdi, daimi inamsızlıq və dərin genetik qorxularımız tarixə qovuşur, yeni qalib milli kimlik erası başlanır. Yaxşı xatırlayırıq, Birinci Qarabağ müharibəsindən sonra “Azərbaycan xalqı döyüşə bilməz” deyən, başqa millətlərə həsəd aparan və natamamlıq kompleksi yaşayan çoxlu insan vardı. Son iki əsrdə biz silahlı düşməndən çox satqınlığa və xəyanətə, səs sürəti ilə yayılan şayiələrə, başıpozuqluğa, içimizdəki inamsızlığa yenilirdik".

Bu sözləri isə çıxışında İnsan haqları komitəsinin sədri, deputat Zahid Oruc səsləndirib. Millət vəkili qeyd edib ki, tariximizdə ilk dəfə ölkənin birinci şəxsi bütün döyüş meydanlarında öndə getdiyi üçün hamı bir axına çevrilib: "Yeraltı sərvətlərimiz, yerüstü qüvvələrimiz  və göylərdəki ordumuz həndəsi dillə desək, üçölçülü fəzada bir amala yönəldi. 5 oktyabr 2020-ci ildə  düşmən xəttinin çətin yarıldığı günlərdə Müdafiə Naziliyinə gələn Ali Baş Komandan məsuliyyətdən gərginlik keçirən generallara deyir: "Sizə güvənirəm və biz qalib gələcəyik!". Bəli, qalibiyyətin yüzlərlə səbəbi sırasında biri hamısından üstündür-Prezidentin qətiyyəti və inamı! Vətən müharibəsinin 44 müqəddəs günü təkcə silahların döyüşü deyil, həm də liderin millətə birbaşa xitabının səlnaməsi oldu. 30 ildir Konstitusiyada yazılan Ali Baş Komandanlıq statusu İlham Əliyevin Prezident kimi deyil, müharibədə qazandığı ali hərbi tituldur”.

“Azərbaycan liderinin nitqini bir gün İrəvandan eşitsəniz, bilin ki, İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb”

“20 sentyabr 1994-cü ildə neft savaşının udulması ilə 20 senyabr Xankəndi Zəfəri bir amalda birləşdiyi üçün qələbəmizin birinci müəllifi Ulu Öndərdir. Dünyada mövcud 61 münaqişədə nə qalib var, nə də daimi sülh. Azərbaycansa ən qısa müddətdə, ən az itki ilə ən böyük nəticə qazanan tək dövlətdir. Tarix göstərir ki, hər millətin öz “zəfər dövrü” olur. Fransa azadlıq ruhunu Bastiliyanın süqutunda tapdı, alman xalqı Berlin divarını yıxanda bölünən taleləri birləşdirdi, Çanaqqala döyüşü türk xalqının tərsinə gedən taleyini dəyişdirdi. Azərbaycan Qurtuluş savaşında tam və qəti  qələbə ilə təkcə savaşı qazanmadı, həm də müharibəni bitirməyi bacardı. Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Vilsona təvəqqe edirdi. Bu günsə ABŞ Prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını göstərir. Yüz ildə millətimizin statusu dəyişib. İndi bizi Kürəkçay müqaviləsini imzalamağa deyil, Vaşinqtonda Qələbə Zirvəsinə dəvət edirlər”, - Z.Oruc əlavə edib.

Deputat vurğulayıb ki, tariximizdə ilk dəfədir ki, dinc və könüllü şəkildə Xankəndini tərk etməklə erməni məsələsi coğrafiyamızdan kənara çıxıb: “İndi “Böyük Ermənistan”, “Qafqaz Ermənistanı”, “Türkiyə Ermənistanı”, “dənizdən-dənizə Ermənistan”ı deyil, “real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir. Qələbəmizin coğrafiyasını genişləndirən Azərbaycan liderinin nitqini bir gün İrəvandan eşitsəniz, bilin ki, İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb. Ən Böyük Qayıdış bax o olacaq”.

Pay torpaqları ilə bağlı problem: “Vətəndaş mülkiyyətindəki torpaqda əkdiyi ağacı kəsə bilmir”

Deputat  Azər Badamov  isə çıxışında vətəndaşlara verilən pay torpaqları ilə bağlı problemləri dilə gətirib. Millət vəkili qeyd edib ki, seçicilərlə keçirdiyi qəbullar zamanı onların mütəmadi qaldırdığı məsələ pay torpaqları barədədir: “Əslində bu məsələ təkcə mənim təmsil olunduğum dairənin yox, əksər kənd rayonlarının seçicilərini narahat edən məsələdir. Seçicilər müraciətlərdə pay torpaqını bir neçə il dincə qoyandan sonra onun üzərinə bitmiş kol-kosdan təmizlənməsi problemi ilə qarşılaşdığını bildirirlər. Hətta mülkiyyətdəki torpaqda texniki yollarla ağac yetişdirib onu kəsib istifadə etmək də olmaz. Halbuki mülkiyyət sahibi  torpağında yetişdirdiyi ağacın böyüməsinə kifayət qədər zəhmət qoyur və onu gələcəkdə öz istəyinə uyğun istifadə etmək məqsədilə əkir. Həm də topraq sahibi mülkiyyətindəki torpaqın üzərində yaşıllıq olub olmamasına baxmayaraq bütün ərazisinin vergisini verir, amma ərazidən tam şəkildə istifadə edə bilmir”.

“Konstitusiyanın 20-ci maddəsinin 3-cü bəndində “mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir” yazılıb. Amma digər qanunlarda vətəndaşın mülkiyyətində olan pay torpaqında hətta özünün şəxsi istifadəsi üçün texniki yolla yetişdirildiyi ağacların kəsilməsi və ərazini kol-kosdan təmizlənməsi cinayət məsuliyəti yaradır. Hörmətli həmkarlar, mən hüquqşunas deyiləm. Ona görə də  müvafiq komitə tərəfindən  məsələyə baxılmasını və məqəsəduyğun hesab olunduğu təqdirdə pay torpağı mülkiyyəti sahiblərini narahat edən bu məsələnin həll edilməsi üçün  qanunda müvafiq dəyişikliyin  edilməsi ilə bağlı addımların atılmasını təklif  edirəm”, - deyə millət vəkili bildirib.

“Məktəb direktoru seçimində mürəkkəb bir labirint yaradılıb”

Deputat Fazil Mustafa isə məktəblərdəki problemlərdən danışıb. Millət vəkili bildirib ki, hər bir məktəbin əsas siması məktəbin direktoru, onun müavinləridir: “Universitetin siması isə onun rektorudur. Rektorun xarakteri, direktorun kimliyi o müəssisənin taleyinə çox önəmli təsir göstərir. Orada təhsil prosesinin nə qədər keyfiyyətli olmasını təmin edir. Təsəvvür edin, bu gün Azərbaycanda 600 məktəbdə direktor yoxdur, direktor vəzifəsi boşdur. Yəni 600 məktəbin siması görünməməkdədir. Direktor seçimi üçün hər dəfə yeni metodologiya kəşf olunur. Kiçik bir ölkəyik, çox sayda məktəbimiz də yoxdur. Bir direktor seçimi nədir ki?”.

“Məsələnin həlli iki yerə bölünüb. Şagird sayı 500 nəfərədək olan məkətblərdə bir prosedur gedir, 500-dən çox olanda isə 3 mərhələli sistem qoyulur. Mürəkkəb bir labirint yaradılıb. Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur. Bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır. Məsələn, məktəbdə kollektiv içərisində rəy sorğusu keçirirsən, 10 il stajı olandan birini direktor seçirsən, yaxud kadr bankı yaradılır. Necə olur ki, məktəb direktoru kadr bankı lazımi səviyyədə yaradılmayıb? Bir-iki il itirilən təhsil sonradan uşaqların taleyində öz sözünü deyir. Yüz milyonlarla vəsait xərcləyib tələbə yetişdiririk, amma onların böyük əksəriyyəti qayıdıb gəlir, işlə təmin olunmur. Özləri təşəbbüs göstərmiyincə, valideynləri qapıları döyməyincə bununla maraqlanan yoxdur. Bu məsələyə ciddi diqqət yetirmək lazımdır", - deputat narazılığını ifadə edib.

Çıxışlardan sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş