Finalda müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 112 namizəd qalibiyyət uğrunda mübarizə aparıb
“Bakı Ekspo Mərkəzi”ndə keçirilən “Yüksəliş” müsabiqəsinin finalı başa çatıb. AYNA xəbər verir ki, final mərhələsinin ikinci günündə müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara uğurlar arzulayıb.
İşçi Qrupunun rəhbəri bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunan “Yüksəliş” müsabiqəsi peşəkar kadrların aşkara çıxarılması, onların stimullaşdırılması, ölkəmizin güclü kadr ehtiyatı bankının formalaşdırılması məqsədilə Azərbaycanda ilk dəfə belə mütəşəkkil formada və fərqli imtahan formatında keçirilən müsabiqədir. Fərhad Hacıyev müsabiqənin keçirilməsinin “Yüksəliş” İctimai Birliyinin İşçi Qrupu komandasına həvalə olunmasına, göstərilən etimada görə ölkə başçısına təşəkkürünü bildirib.
Daha sonra iştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə “Qarabağda ağıllı şəhər” adlı keys üzrə tapşırıqları yerinə yetirib. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra İdarəçi rəhbərlər tərəfindən qiymətləndirilib. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib.
Qeyd edək ki, müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilib. Sözügedən mərhələlərdə strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.
Finalda müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 112 namizəd qalibiyyət uğrunda mübarizə aparıb. Seçiləcək 20 nəfər qalibin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib.