“Downdetector” “YouTube”dan şikayətləri bütün Rusiyadan - Kalininqraddan Vladivostoka qədər qeydə alır
Rusiyada “YouTube” video hostinq saytı və tətbiqi fəaliyyətini dayandırıb. Bunu istifadəçilərin şikayətləri sübut edir.
AYNA-nın xəbərinə görə, “Sboy.rf” xidmətində son saatlarda mesajların sayı artıq on mini keçib. “Downdetector” “YouTube”dan şikayətləri bütün Rusiyadan - Kalininqraddan Vladivostoka qədər qeydə alır. Mesajların əksəriyyəti əhalinin sıx məskunlaşdığı Moskva, Sankt-Peterburq və Yekaterinburqdandır.
Rusiyalı “YouTube” istifadəçiləri avqustun əvvəlindən xidmətdə böyük fasilələrlə üzləşirlər: videolar yavaş yüklənməyə başlayıb və ya ümumiyyətlə yüklənmə mümkün olmur. Bloklamadan yan keçmək üçün ruslar VPN xidmətlərindən istifadə edirlər.
İyulun ortalarında “Rostelecom” xəbərdarlıq etdi ki, “YouTube” “Rusiyada quraşdırılmış “Google” serverlərinin köhnəlməsi” səbəbindən zəif işləməyə başlaya bilər. Daha sonra “Google” Rusiyada “YouTube”a girişlə bağlı problemlərə aidiyyəti olmadığını bildirib.
İyulun sonunda Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan deputatı Aleksandr Xişteyn "anti-Rusiya siyasəti" səbəbindən “YouTube”un qarşıdakı aylarda 70% yavaşlamasını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, bu “məcburi addım” hələlik yalnız masaüstü versiyalara təsir edəcək.
Dünən, avqustun 7-də “Meduza” telekommunikasiya bazarındakı mənbəyə istinadən yazıb ki, Rusiya hakimiyyəti “YouTube”u 128 kbps-ə qədər yavaşlatmaq qərarına gəlib.
Ukraynanın işğalından sonra “YouTube” bir çox Kreml yönümlü kanalları bloklayıb. Müxalifət mediası isə əksinə, video hostinq üzərində işləməyə davam edir.
İyulun əvvəlində “YouTube” administrasiyası Ukraynadakı müharibəni fəal şəkildə dəstəkləyən bir sıra rusiyalı müğənni və sənətçilərin kanallarını bloklayıb. Onların arasında Şaman, Qriqori Leps, Polina Qaqarina, Oleq Qazmanov və Yuliya Çiçerina var. Blokun səbəbi Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq qəbul edilən 14-cü sanksiyalar paketinin bir hissəsi olaraq ABŞ və Aİ-nin onlara qarşı tətbiq etdiyi sanksiyalar olub.