Bölgələrə səfərlərin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldir
Baş Dövlət Yol Pilosi İdarəsi (BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq edib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) BDYPİ-dən bildirilib.
Qeyd olunub ki, həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldir.
Bu səbəbdən DİN BDYPİ tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.
“Qeyd edilib ki, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət olunmaması, tələskənlik, diqqətsizlik və məsuliyyətsiz davranışlar ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur”, - qeyd edilib.
BDYPİ xüsusilə səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək, mənzil başına təhlükəsiz çatmaq üçün nəqliyyat vasitələrinin texniki sazlığını öncədən yoxlamağı, nasaz avtomobillərlə yola çıxmamağı, sürət həddinə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, həmçinin yol və hava şəraitini nəzərə almağı tövsiyə edir. Eyni zamanda, uzun məsafəli səfərlərdə fasilələrlə hərəkət etmək, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməmək, diqqəti yayındıran hərəkətlərdən çəkinmək mühüm əhəmiyyət kəsb edir.
"Unutmayaq ki, yol hərəkəti zamanı intizam və məsuliyyət — təhlükəsizliyin əsas təminatıdır",- deyə məlumatda qeyd edilib.