Yeni tənbehlərə hazır olun: Biz öz işimizi görmüşük, günahkar əhalidir

Cəmiyyət

29.05.2021 - 22:09

COVID-19 dəniz suyunda üç saat yaşayır – Vecimizə də deyil!

 

25 may 2021-ci ildə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində açıq havada maska ​​taxma öhdəliyinin, Bakı metrosunun açılması, həmçinin böyük ticarət mərkəzlərinin, çimərliklər, idman və istirahət obyektləri və məscidlərin açılması barədə qərarlar verildi. Ötən ilin bu vaxtları Azərbaycanın o zamankı baş infeksioniti Cəlal İsayev saytımıza açıqlamasında koronavirusun insan nəcisiylə birlikdə kanalizasiya sisteminə girə biləcəyi barədə ifadələr işlətmişdi: “Dəniz suyuna düşərsə, bu virus təxminən üç saat yaşaya bilər, ancaq bundan sonra duzlu dəniz suyunun təsiri altında yox olacaq”.

 

Qeyd etmək istərdik ki, hər gün polis hesabatlarında COVID-19 xəstələrinin izdihamlı yerlərə getdikləri və bununla xəstəliyin yayılma təhlükəsi yaratdıqları bildirilir. Çimərliklər açıldıqdan sonra heç kim koronavirus xəstələrinin çimərliyi ziyarət etməyəcəyinə zəmanət verə bilməz. Və heç kim dənizdə üzdükdən sonra sağlam insanların orqanizminə virusların girməyəcəyini iddia edə bilməz.

 

Çimərliklər açıldıqdan sonra koronavirus infeksiyası hallarının artma təhlükəsi olacaqmı? İnfeksiyaların artmasının qarşısını almaq üçün hər hansı bir tədbir görülürmü?

 

AYNA suallara cavab axtarıb.

 

Bakı şəhəri üzrə baş infeksionist  Gülnarə Babayevanın sözlərinə görə, dəniz suyunda üzərkən koronavirusun yayılma təhlükəsi istisna deyil: “Ancaq çimərliklərin açılması barədə bir qərar verilirsə, ehtimal ki, koronavirusun yayılmasının qarşısını almaq üçün də tədbirlər görüləcək”.

 

Babayeva daha geniş cavab üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etməyimizi məsləhət gördü: “Çimərliklərin tibbi vəziyyətini bu təşkilat yoxlayır”.

 

Lakin TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnara Baxış Gülnara Babayevanın dediklərini təkzib etdi: “Biz yoxlamalarla məşğul deyilik. Xəstəxanaların fəaliyyətini tənzimləyirik”.

 

Sonra Bakı çimərliklərinin tabe olduğu Şəhər Təsərrüfatı İdarəsinə üz tutduq. “Tibbi suallar bizə aid deyil. Yalnız çimərliklərin təmizliyinə nəzarət edirik. Koronavirusla mübarizədən kimin cavabdeh olduğunu bilmirik”, - deyə qurumdan belə bir cavab aldıq.

 

Hər il çimərlik mövsümündə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) birlikdə Bakı, Sumqayıt, Abşeron və Azərbaycanın digər bölgələrinin çimərliklərində dəniz suyunun mikrobioloji parametrlərini müəyyənləşdirmək üçün monitorinqlər keçirir. Bu monitorinqlər zamanı dəniz suyunda həm də COVID-19 virusunun olub-olmamasının yoxlanılıb-yoxlanılmayacağını öyrənməyə çalışdıq.

 

RGEM-in Sanitar-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımovun dediyinə görə, artıq monitorinqlərə başlayıblar: “Ancaq koronavirusla məşğul olmuruq. Yalnız suda bağırsaq çöplərinin və kimyəvi çöküntülərin olub-olmadığını yoxlayırıq”.

 

Bir sözlə, Azərbaycan reallığını nəzərə alsaq, təəccüblü bir şey baş vermir. Çimərliklər açılır və D vitamininin növbəti porsiyasını almağa tələsən kütlə arasında (xəstə olduqlarını və ya daşıyıcı olduqlarını təxmin etmədikləri) koronavirus xəstələrinun olacağı təbiidir. Və heç kim, xüsusi vurğulayırıq ki, HEÇ KİM, heç bir dövlət qurumunun suda koronavirus varlığını yoxlamaq fikri yoxdur. Və sonra Operativ Qərargah yoluxma sayının artması səbəbindən karantin tədbirlərinin daha da sərtləşdirilməsinə başlayanda, bir çox dövlət qurumu hesabat verəcək: biz öz işimizi tam görmüşük, amma günahkar - əhalidir...

Müəllif: Rəşad Rüstəmov