Budəfəki tədbirlərə Türkiyədən olan 18 şəhid övladı da qoşulub
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 7-ci həftəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA.AZ-a verilən məlumata görə, budəfəki tədbirlərə Türkiyədən olan 18 şəhid övladı da qoşulub.
Düşərgənin açılış mərasimində həftə çərçivəsində həyata keçiriləcək təşəbbüslər diqqətə çatdırılıb, qaydalar izah edilib.
İlkin olaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovla görüş olub. O, uşaqlarla yeni texnologiyalar və innovasiyalar mühitində şəxsi inkişafın əsasları barədə müzakirələr aparıb.
Xanbulan gölünə ekskursiya zamanı iştirakçılar təbiətin füsunkar və özünəməxsus mənzərəsi ilə tanış olublar.
Hoteldaxili əyləncə və boulinq saatlarında, futbol, voleybol və parkur yarışlarında qələbə uğrunda mübarizə xoş anlara səbəb olub.
4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri İnsafəli Səmədov və Anar Qasımov iştirakçılarla görüşdə yeni düşüncə əsaslı şəxsi inkişafın və uğur qazanmağın yolları barədə fikirlərini bölüşüblər.