Gəncə terroruna görə həbs edilmiş şəxs dünyasını dəyişib

Hadisə

10.07.2019 - 11:44

O, Cinayət Məcəlləsinin mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma maddəsi ilə təqsirləndirilirdi

 

Ötən ilin iyul ayında Gəncə hadisələrinə görə həbs edilən Aydın Qurbanov Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

İttihama görə, Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra, Hamlet Abdullayev “Makarov” tapançasını pul müqabilində Pərviz Bayramova və “Kalaşnikov” avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib. Aydın Qurbanovun gizlətdiyi silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduğu ünvanda axtarış aparılıb.

 

Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından “Kalaşnikov” avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. A.Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, 2018-ci iyulun 3-ü Gəncənin sabiq icra başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalmışdı.

Müəllif: Ayna.az