Yox, əgər onlara daha keyfiyyətli benzin-dizel gedəcəksə, o zaman daha pis
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Azərbaycanla Türkiyə, habelə Azərbaycanla Gürcüstan arasındakı münasibətlərdə ciddi gərginlik gözlənilir. Bu, dəqiqdir, əziz oxucu. Bu dövlətlərin verdiyi dəstəklə erməni məsələsini necə çözməyə cəhd etməyimizin fonunda, haqqında söz açacağım xəbər doğrudan da “qaşınmayan yerdən qan çıxarmağa” bəznəyir. Axı niyə belə əminlik ifadə edirəm?! İzah edim.
Yox, bu dəfə söhbət Türkiyədəki hansısa kürdmeylli partiyanın Ermənistana dəstək göstərməsi cəhdindən və ya hansısa gürcü millətçilərinin Keşikçidağ körüyünü yenidən alovlandırması istəklərindən getmir. Bu dəfə aramızı vurmağa çalışan nə Rusiyadır, nə İran, nə də Ermənistan. Türklərlə və gürcülərlə aramızı özümüz vuracağıq. Ola bilər ki, bu neqativ ölkə rəhbərləri arasındakı münasibətlərdə özünü göstərməsin, amma türk və gürcü cəmiyyəti bizdən narazı qalacaq və bunu biz tezliklə ən azı sosial şəbəkələrdən hiss edəcəyik.
Aravuran rolunda bu dəfə... Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu çıxış edəcək. Bəli-bəli, səhv oxumadınız, məhz bizim bu zavod! Və bu aravurma üçün onların artıq planları da var ki, onları cəmiyyətlə qorxusuz-hürküsüz bölüşürlər. Bu günlərdə Bakı Neft Emalı Zavodunun Modernizasiya layihəsinin baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə deyib ki, Azərbaycan yerli istehsal olan yanacağı Gürcüstan və Türkiyə bazarlarına ixrac etməyi planlaşdırır.
Bizim yerli istehsal olan Aİ-92 markalı benzin haqqında Azərbaycanda maşın həvəskarları və ustaları arasında əfsanələr dolaşır. Bəzi ekspertlər deyirlər ki, bizim Aİ-92 nəinki 92, heç 76 oktana da çatmır. Keyfiyyətsiz yanacağa öyrəşən Rusiya avtomobilləri bir yana, çox maraqlıdır ki, Almaniya və Koreyadan gəlmə, ömrünün heç də ilk baharını yaşamayan dəmir atlar bu dərdə necə dözür və hələ də yeriyirlər?
Sualın cavabı maşın ustalarında, daha dəqiq desək, onların sexinin qarşısında növbədə dayanan sürücülərdədir. İnsan ildə neçə dəfə tutulmuş və partlamış “patrubka” dəyişər, neçə dəfə zibillənmiş injektor və “zaslonka”nı yudurdar? Təbii ki, bütün bu mərəzlərin səbəbi bizim benzindir. O benzin ki, qiymətinin tez-tez qalxmasına baxmayaraq, tezbazar “uçmağı” bir yana qalsın, maşının da anasını ağladır.
Əgər nəzərə alsaq ki, Emil Alxaslının deməyinə görə, "Əsas ixrac məhsulu dizel yanacağı olacaq", onda mənim Azərbaycanla Türkiyənin, Azərbaycanla Gürcüstanın arasının dəyəcəyi ilə bağlı əminliyim daha da artır. Bizim dizel öz tərkibinə görə “Azərsu”nun evlərə verdiyi “təmiz” Kür suyundan çox az fərqlənir. Dizellə işləyən maşınları texnikadan başı çıxmayan, hətta bizim məhəllədə oturan qadınlar belə, şaqqıltısından və qara tüstüsündən ayıra bilirlər. Bir dizelə ki, yağlandırmaq üçün elə onu aldığın “zapravka”da xüsusi dərman satalar, onu yanacaq saymaq olarmı? Bizə satılan yanacaq yox, yaxşı halda yandıracaqdı – cibimizi, əsəbimizi və s.
İndi özünüz deyin: görəsən, SOCAR, Neft Emalı Zavodu, ümumiyyətlə ölkəmizdə bu işə cavabdeh olanların bizim maşınları məhv edən yanacağı gürcülərə və türklərə satmaqda məqsədləri nə ola bilər - aramızı vurmaqdan başqa? Niyə beynəlxalq aləmdə bizə dəstək verən bu millətləri bizdən narazı salırsınız? Yox, əgər deyəcəksiniz ki, onlara keyfiyyətli benzin-dizel gedəcək, burası lap pis. Onda belə çıxır ki, siz bilə-bilə bizə zülm edirisiz – istəyirsiz ki, daim “zapçast” alaq və ustalarda qalaq, üstəlik də ölkənin ekologiyası korlansın. Nədir məqsədiniz? Və xalqımıza belə “sevgi”nin səbəbi nədir?
Məsələnin digər tərəfi də var – gürcülərə bizim yanacağı satanlar xalqımıza daha bir pislik edirlər. Məlumdur ki, Azərbaycana işlənmiş maşınlar (təzələri demirəm, çünki onları yalnız ölkəmizdə “nöyüt”ə baxan insanlar və onların qohum-əqrabaları ala bilir) əsasən Gürcüstandan gəlir. Orada maşınlar bir müddət oranın yanacağı ilə işləyir və sonra biz alırıq. Vay o günə ki, həmin maşınlar bir müddət bizim ora göndərdiyimiz yanacaqla işləsin, sonra da elə həmin yaman günə qalmış vəziyyətdə bizə satılsın. Düzdür, oxucu deyə bilər ki, Gürcüstanda bizim “zapravkalar” çoxdur, amma mən hələ gürcülərdən benzinin tərkibi ilə bağlı şikayət eşitməmişəm. Yəni, doğrudan oraya bizim ayrı bir benzinimiz gedir?...
P.S. Düzdür, verilən məlumata görə, Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi başa çatmaq üzrədir. 2022-ci ildən zavod dizel mühərrikinin, 2023-cü ildə isə Avro-5 standartlı benzinin istehsalına başlayacaq. Yəni, Türkiyəyə və Gürcüstana modernləşdirilmiş zavodda buraxılan dizeli göndərəcəklər, amma bir şeyi unutmaq olmaz: zavod təzə olsa da, dizel-benzin istehsal prosesinə eyni şəxslər - həmin o yaman gündə olan Aİ-92-ni buraxan şəxslər rəhbərlik edəcəklər...