Məlum olduğu kimi, koronavirus pandemiyası bütün dünyada yayılma və can alma sürətini getdikcə artırır. Demək olar ki, dünyanın bütün dövlətləri bu durum qarşısında aciz qalıb və karantin tədbirlərinə start verib. Təbii ki, belə olan halda əksər insanlar günəmuzd fəaliyyət göstərdikləri üçün evdən çıxmaq qadağası birbaşa onların maddi durumuna mənfi təsir götərib və narazılığa səbəb olub. Təbii ki, bu vəziyyət Azərbaycanda da müşahidə olunur və müxtəlif etirazlara səbəb olub.
Bu vahiməli durumun qarısını almaq və dövlətə dəstək vermək üçün dünyanın əksər ölkələrində, o cümədən, qardaş Türkiyədə məşhur insanlar yardım kampaniyasına başlayıblar.
Belə ki, məşhur idmançılar, müğənnilər, aktyorlar məlum vəziyyətə görə, əmək fəaliyyətindən məhrum olmuş yüzlərlə insanı himayələrinə alıblar. Daha doğrusu, həmin şəxslərin iki aylıq qida ehtiyaclarını öz üzərlərinə götürüblər.
Bəs, ölkəmizdə necədir? Azərbaycanlı məşhurlar Azərbaycanda da belə bir təşəbbüsə qoşulmaq istəyərmi və ya buna hazırdırlarmı?
Mövzuya yerli məşhurlarla AYNA tutmağa çalışdıq.
Xalq artisti Səkinə İsmayılova bildirib ki, hər bir insanın ailəsi və ona ehtiyacı olan qohumları var: “Bu ailənin də çətin anlarında onlara kömək edəcək az sayda nümayəndələr var. Mənim də geniş ailəm, nəslim var və onların problemləri də mənim öhdəliyimdədir. Çünki hər bir insanın vəziyyəti eyni dərəcədə deyil. Hal-hazırda da bu məsələlər mənim nəzarətimdədir. Bacardığım qədər kömək etməyə çalışıram”.
“Amma yenə də lazım olarsa bu təşəbbüsə qoşulmağa hazıram. Çünki bu, hər bir azərbaycanlının borcudur. Mən də imkan daxilində yardım etməyə hazıram”-deyə xalq artisti əlavə edib.
Xalq artisti Mənsum İbrahimov isə bu cür kampaniyalara əvvəldən qoşulduğunu bildirib: “Mənim ətrafımda olan insanların əksəriyyəti məcburi köçkünlər, ehtiyaclı insanlardır. Mən də imkanım daxilində onlara kömək edirəm, hər zaman da etməyə hazıram. Cənab Prezidentin təşəbbüsünə qoşulanlardan birincisi də mən oldum və Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat pul köçürdüm və hər kəsi də bu təşəbbüsə qoşulmağa çağırdım”.
Müğənni Lalə Məmmədova isə hər bir sənətçinin illərdir dəstək olduğu ailələrin olduğunu deyib: “Bəzi müğənnilər bunu açıq şəkildə deyirlər, bəziləri isə gizlədirlər. Mən isə bu haqda heç vaxt danışmamışam və danışmaq da istəmirəm. Lakin belə bir kampaniya olsa çox yaxşı olar. Əgər kimsə özünü reklam etmək istəyirsə kampaniyaya qoşulsun, özünü reklam etsin. Amma mən bundan uzaq olan bir insan kimi demək istəyirəm ki, nəinki koronavirus, hər zaman imkanım təqdirində kömək etmişəm və etməyə də hazıram”.
Müğənni və aparıcı Murad Arif hesab edir ki, ən yaxşı dəstək KMDF ilə əməkdaşlıq etməkdir: “Mən özüm fərdi olaraq koronavirusdan əvvəl də xeyriyyəçilik işləri ilə məşğulam və bunu heç yerdə elan etmirəm. Ona görə də mənim üçün xeyriyyə mövzusunda heç nə dəyişməyib. Türkiyədəki məşhurlar bunu indi-indi etməyə başlayıblarsa, mən bunu çoxdan edirəm. Bunu da yanında olduğum ailələr bilir”.
“Mənə elə gəlir ki, bu dövrdə fırıldaqçılardan sığortalanmaq üçün yaxşı olar ki, bu kampaniya sistemləşmiş formada baş versin. Yəni imkansız ailələrə də dəstək fondu olsa həmişəki kimi orada da iştirak edəcəm. Ürəyində şəfqət hissi olan hər bir insan da imkansız alilələrə əl tutmalıdır”-deyə müğənni qeyd edib.
Əməkdar artist Fərqanə Qasımova bildirib ki, artıq əksər müğənnilər bu təşəbbüsə qoşulublar: “Bu təşəbbüsü çox yaxşı qarşılayıram. Əlbəttə ki, mən özüm də bu təşəbbüsə qoşular və əlimdən gəldiyi qədər yardım edərəm”.
Xalq artisti Nazpəri Dostəliyeva da himayəsində bir neçə ailə olduğunu vurğulayıb: “Bir neçə imkansız ailə var ki, onlar çətin durumda yaşayırlar. Yəni mənim himayəmdə ailəm var. Digər məsələlərə də yox deməmişəm”.
Karate üzrə dünya və avropa çempionu Rafael Ağayev isə sualımıza bir cümlə ilə cavab verdi: “Mən kiməsə yardım edəndə onu reklam etmirəm, özüm edirəm”.
Müğənni Dilarə Kazımova da həmkarları ilə eyni fikirdə olduğunu bildirib: “Açıq demək düzgün deyil, amma bu günə qədər mən və digər sənətçi dostlarım çox ailəyə kömək etmişik. Çalışırıq ki, mən və dostlarım bizə müraciət edən insanları geri qaytarmayaq”.