Geniş yayılan repetitor “bəla”sı və ya “kölgə təhsili”nin fəsadları

Cəmiyyət

01.10.2021 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

Kamran Əsədov: “Repetitor məktəb təhsilini zəiflədir, yuxarı siniflərdə isə şagirdlərin sosiallaşmasının qarşısını alır”

Son illərdə ölkəmizdə repetitorluq fəaliyyəti geniş yayılıb. Repetitor yanına hazırlığa gedən şagirdlərin sayı kifayət qədər çoxdur. Artıq çoxdan belə bir fikir formalaşıb ki, repetitor hazırlığı olmadan ali məktəbə qəbul olmaq çətin, hətta bəzən mümkünsüzdür.

Repetitorluq xidmətinin niyə bu qədər geniş vüsət alması ilə bağlı AYNA-nın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.

Ekspert ilk olaraq repetitorluq fəaliyyəti ilə adətən kimlərin məşğul olduğuna toxunub: “Repetitor - mürəbbi haqqı valideynin hesabına ödənmək şərti ilə şagirdə təkbətək və ya qrup halında dərs deyən müəllimdir. O, adətən dərslərində daha yaxşı nəticə əldə etmək, müxtəlif özəl təhsil müəssisələrinə, universitetlərə qəbul imtahanlarında uğur qazanmaq istəyən şagirdlərə müəyyən fənn və ya fənlərdən dərs verir. Repetitorlar adətən mövcud əmək haqqının tələbatını ödəməyə kifayət etməyən, əlavə pul qazanmaq istəyən, təqaüdə çıxmış müəllimlər və ya ali təhsilini bitirib iş tapa bilməyən gənc müəllimlərdən ibarətdir. Repetitorlar daha çox dərs dedikləri məktəbdə, evlərində, şagirdin evində və ya müxtəlif kurslarda çalışırlar”.

Əsədov bildirib ki, Qərbdə təhsil mütəxəssisləri tərəfindən bununla bağlı ciddi tədqiqatlar aparılır: “Mark Breynin hətta “Kölgə təhsili” ilə bağlı kitabı da var. Rusiyada da repititor xidməti “kölgə təhsili” adlanır. Lakin bu istiqamətdə aparılan sorğuların birində 913 tələbə iştirak edib. Onların 93 faizi məhz repetitor sayəsində ali məktəbə daxil olduqlarını bildiriblər”.

“Vacib bir məqamı qeyd edim ki, repetitor “bəla”sı bir çox dünya ölkələrində olsa da, daha çox postsovet ölkələrini əhatə edir. Qərbdə repetitorluq tamamilə başqa xarakter daşıyır. Bu xidmətin vətəndaşlara ən böyük zərbəsi sağlamlıq, zaman, ailələrin büdcə və ən əsas isə məktəb təhsilinədir. Ali məktəbələrə qəbul imtahanı keçirən orqan Dövlət İmtahan Mərkəzi hesab edir ki, onlar qəbul prosesi zamanı proqramdan kənara çıxmır, amma buna baxmayaraq, ölkəmizdə repetitor xidməti getdikcə genişlənir”, - deyə həmsöhbətimiz bildirib.

Kamran Əsədov söyləyib ki, repetitor xidmətinin qarşısının alınması istiqamətində həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi işlər görülməlidir: “Çünki repetitor məktəb təhsilini zəiflədir, yuxarı siniflərdə isə şagirdlərin sosiallaşmasının qarşısını alır. Bunun qarşısının alınması üçün məktəblərdə təhsilin səviyyəsi daha da genişləndirilməlidir. Düzdür, ölkəmizdə müəllimlərin işə qəbulu istiqamətində mühüm addımlar atılır, amma bununla yanaşı repetitor fəaliyyəti qalmaqdadır”.

Ekspert əlavə edib ki, Təhsil Nazirliyi tərəfindən repetitorluğun qarşısının alınması üçün məktəblərdə təmayülləşmə aparılır: “Bununla da məktəblilər seçəcəyi sahəyə uyğun olaraq təmayül sinifində təhsil almaq imkanı qazanırlar. Bununla yanaşı, ölkəmizdə qəbul imtahanları ilə bağlı islahatlar həyata keçirilir”

Əsədov hesab edir ki, repetitorluğa tələbatın artmasında dərsliklərin və qəbul qaydalarının çətin olmasının da payı var: “Etiraf etməliyik ki, bu gün dərsliklərimiz çox ağırdır. Həttə bəzən valideynlər belə, sualların cavabını övladlarına başa sala bilmirlər. Ona görə də məcbur olub repetitor yanına göndərirlər. Bununla yanaşı, ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test tapşırıqları da çətindir. Qəbul imtahanı bilikləri deyil, bacarıqları yoxlamalıdır. Bu baxımdan deyə bilərik ki, repetitorluğu doğuran səbəblərindən biri çətin dərsliklər, qəbul qaydalarının çətin olmasıdır”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş