“Rusiya tərəfinin elan etdiyi tədbirlər Yaponiya şirkətlərinin qanuni fəaliyyətini məhdudlaşdırır”
Yaponiya 13 Yaponiya vətəndaşına qarşı sanksiyalara görə Rusiyaya rəsmi etirazını bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə hökumətin baş katibi Yoşimasa Hayaşi deyib.
“Rusiya tərəfinin elan etdiyi tədbirlər Yaponiya şirkətlərinin qanuni fəaliyyətini məhdudlaşdırır və biz onları tamamilə qəbuledilməz hesab edirik”, - deyə yapon rəsmisi bildirib.
Hayaşi həmçinin əlavə edib ki, Tokio Rusiya Federasiyasındakı korporasiyalarını və biznes fəaliyyətini qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcək.
Bundan əvvəl, iyulun 23-də Rusiya sanksiyalara cavab olaraq 13 Yaponiya vətəndaşına səyahət qadağası qoyub. Siyahıda olanlar arasında, məsələn, “Viber” messencerinin sahibi olan “Rakuten” şirkətinin təsisçisi Mikitani Hiroşi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko və Toyota Motor idarə heyətinin sədri Toeda Akio da var.
Bundan əvvəl, iyunun 21-də Yaponiya hökuməti daha 11 fiziki şəxs və 28 şirkətə sanksiya tətbiq etməklə, Rusiya əleyhinə məhdudiyyətləri genişləndirib. Siyahıya “Uralvaqonzavod”un baş direktoru Aleksandr Potapov, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) altı əməkdaşı, müxtəlif müdafiə müəssisələri və “Alrosa” ASC daxil olub. Tokio həmçinin Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Özbəkistan və Qazaxıstandan olan 11 şirkətə Rusiyaya qarşı sanksiyalardan yayındığı iddiası ilə məhdudiyyətlər qoyub.