Hakim partiya açıqlama yayıb
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın yeddisində keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkisində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına başlayıb. AYNA xəbər verir ki, bu barədə YAP-dan bildirilib.
“İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider - İlham Əliyev olacaq”, - deyə partiyanın açıqlamasında vurğulanıb.
Qeyd edək ki, bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanıb. Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.