Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan suyun qarşısını almaq mümkün olmayıb
2020-ci ilin 25 yanvar tarixində saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqamətində Salyan reydində, sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edilməsinə ehtiyacın olması ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaxınlıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.
DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata keçirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan suyun qarşısını almaq mümkün olmayıb və saat 22:15-də 4 balıqçı xilas edilib. Saat 23:00 radələrində isə gəminin batması müşahidə olunub.
DSX-nın Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayon sakinləri - gəmi kapitanı, 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik, 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros, 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu və matros, 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.