"Nə Ermənistan sülhə razıdır, nə də ermənilər" - DEPUTAT

Siyasət

04.11.2021 - 10:23

Elman Məmmədov: "Torpaqlarımız terrorçulardan təmizlənməli, ərazilərimizdə təxribatçıların hazırlanmasına imkan verilməməlidir"

Ermənilər Azərbaycanın Xankəndi şəhərində Azərbaycanşünaslıq Mərkəzi açıblar. Ermənistan mediasında və “Telegram” kanallarında yayılan məlumatlara görə, layihənin məqsədi milli və dövlət maraqlarından xəbərdar olan savadlı, eləcə də Azərbaycan dilini bilən vətəndaşlar hazırlamaqdır. Sosial şəbəkələrin erməni seqmentində gedən müzakirələrdən belə anlaşılır ki, Mərkəzə cəlb olunan erməni gənclər əsasən erməni millətçiləri, “Daşnaksütyun” ideyalarını qəbul edənlərdir.

Xəbərlə bağlı ermənilər sosial mediada etiraz ifadə edir, Xankəndidə belə bir layihənin həyata keçirilməsində məqsədin Azərbaycanın tərkibində yaşamağa hazırlıq olduğunu bildirirlər. İddia edirlər ki, Ermənistan artıq reallığı qəbul edir, Xankəndi ermənilərinin Azərbaycan vətəndaşı olduqdan sonrakı mərhələdə dövlət idarələrində, seçkili orqanlarında təmsilçiliyi üçün Mərkəz yaradılır.

Əlbəttə, bunun müəyyən mənada müsbət tərəflərini qeyd etmək mümkündür. Azərbaycan tərəfi hər zaman Qarabağdakı ermənilərin Azərbaycan Konstitusiyasını qəbul etdikdən sonra sivil münasibətlər, vətəndaş hüquqlarından istifadə edərək yaşaya biləcəyini bəyan edib. Bu baxımdan, əgər ermənilər Azərbaycanın tərkibində yaşamaq istəyəcəklərsə, Azərbaycan qanunlarını qəbul etməli, dilimizi öyrənməlidirlər. Amma həmin Mərkəzə millətçi erməni gənclərinin cəlb edilməsi sual doğurur.

Mövzu ilə bağlı AYNA-nın sualını cavablandıran Milli Məclisin Xocalıdan olan üzvü Elman Məmmədov deyib ki, belə bir layihənin həyata keçirilməsi, ermənilərin məkrli planlarının tərkib hissəsi ola bilər: "Hansısa bir erməni Azərbaycan dilini öyrənirsə, bu, onun Azərbaycana, dilimizə sevgisindən irəli gəlmir. Mən inanmıram ki, ermənilər bu layihəni gələcəkdə azərbaycanlılarla birgə yaşamaq üçün həyata keçirirlər. Onlar düşmənçilik niyyətlərindən əl çəkməyiblər, əl çəkən də deyillər. Məqsədləri başqa ola bilər. Güman ki, gələcəyin təxribatçılarını, diversantlarını, terrorçularını hazırlamaq niyyəti ilə bu layihəni gerçəkləşdirirlər”.

“Əlbəttə, ola bilsin ki, reallığı qəbul ediblər, Azərbaycanın tərkibində yaşamaqdan başqa yollarının olmadığını anlayıblar. Azərbaycanın tərkibində yaşayış dövrünə hazırlıq görə bilərlər ki, indi Azərbaycanşünaslıq Mərkəzində təlimatlandırılan ermənilər gələcəkdə qurumlarda vəzifələr ala bilsinlər. Sovet dövründə də bunlar Xankəndidəki ermənilərə rus dilinin öyrədilməsi ilə bağlı layihələr keçirirdilər. Sonradan Köçəryan, Sarkisyan, Balasanyan kimi bir çox terrorçular SSRİ “KKB”-sinin agentləri kimi ortaya çıxdılar. Və Azərbaycan türklərinə qarşı amansız soyqırımları həyata keçirdilər. İndi təlim keçdikləri erməni gəncləri ilə bağlı hansı məkrləri var, dəqiq demək mümkün deyil”, - deyə deputat bildirib.

Əlavə edib ki, əgər sülh şəraitində yaşamaq üçün erməni gənclərə Azərbaycanşünaslıq təlqin edirlərsə, o zaman həmin layihəyə postmodern düşüncəli gəncləri cəlb edərdilər: “Niyə məhz erməni millətçilərini, “Daşnatsütyun” ideyalıları toplayırlar? Təbii ki, gələcəkdə erməni şovinizmində, terrorçuluqda istifadə etmək üçün o gəncləri bir mərkəzdə toplayırlar”.

Müsahibimiz hesab edir ki, ərazilərimiz terrorçulardan təmizlənməli, ərazilərimizdə təxribatçıların hazırlanmasına imkan verilməməlidir: “Yenə deyirəm, onlar düşmənçilik məfkurəsindən ayrılmayıblar. Bəzən informasiyalar yayılır ki, ermənilər sülhə hazırdırlar. Bu, kökündən yanlışdır. Bəzi ermənilər deyirlər ki, sülhü istəyirlər, amma şərtləri var. Şərtlər isə nədir, baxın: kommunikasiyalar açılsın, sərhədlər müəyyənləşsin, Zəngəzura dəhliz deyilməsin, ən əsası, “Artsax” dedikləri qondarma qurum status qazansın. Belə sülh olur? Hazırda 1991-ci ildə yaranmış  “Artsax” mövcudiyyətini saxlayır, separatçılar qondarma qurumlarına “dövlət” deməkdədirlər. Belə olan halda ermənilərin sülh istəyinə inanmaq olarmı?”.

“Təbii ki, separatçı qurum Azərbaycan ərazilərində özbaşına dayanmayıb. Bu, Ermənistan dövlətinin himayəsi ilə yaradılıb, bu gün də təmin olunur. Ermənistanın gələn ilin dövlət büdcəsindən Qarabağdakı terrorçulara maliyyə nəzərdə tutulub. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq, ərazi bütövlüyünü pozmaq, təhlükə yaratmaq məqsədlidir. Dediyim odur ki, nə ermənilər, nə də Ermənistan sülhə hazırdırlar”, - deyə Məmmədov söyləyib.

O vurğulayıb ki, separatçı-terrorçulara təkcə Ermənistan yox, onları himayəsinə götürmüş Rusiya da dəstək verir: “Bu gün Xankəndidə ermənilərin mövcudiyyətinin, yaşamasının səbəbkarı birbaşa Rusiyadır, onun yerləşdirdiyi sülhməramlılardır. Sülhməramlılar erməni separatçılarını ərzaqla, silahla təmin etməsələr, necə mövcud ola bilərdilər? Biz bu məsələlərə diqqət yetirməliyik, həllini tapmasını Kremldən tələb etməliyik. Problemlər qaldığı halda ermənilərin sülhə razılığından danışmaq mümkünsüzdür”.

“Azərbaycan Rusiyadan qəti şəkildə tələb etməlidir ki, 10 noyabr üçtərəfli Birgə Bəyanatda göstərilən müddəaların yerinə yetirilməsini təmin etsin. Rusiya sənəddəki imzasına hörmət etməlidir, ərazilərimizi terrorçulardan təmizləməlidir. Bacarmırlarsa, Azərbaycan antiterror əməliyyatı ilə ərazilərini terrorçulardan təmizləyər. Ərazilərimizdə terrorçuların kökü kəsilməsə, onların sülhdən yana olduqlarını düşünmək ağılsızlıqdır”, - deyə deputat fikrini yekunlaşdırıb.

Müəllif: Anar Bayramoğlu