“Ermənilər təşviş içindəydilər ki, Azərbaycan sərt addım atacaq, amma biz tərpənmədik”

Siyasət

28.08.2019 - 19:00

Qafar Çaxmaqlı: "Biz nə anti-terror əməliyyatı, nə partizan müharibəsi, nə də diversant savaşı aparırıq"

 

Ermənistan mətbuatını, Dağlıq Qarabağ problemini yaxından izləyən, təhlil edən professor, Türkiyənin Ərciyəz Universitetinin "Ermənişünaslıq" bölməsinin rəhbəri Qafar Çaxmaqlı AYNA-ya müsahibəsində Qarabağ məsələsi ilə bağlı suallarımızı cavablandırıb. Qarabağın işğaldan azad edilməsi istiqamətində müəyyən fikirlər irəli sürüb.

 

- Qafar müəllim, illərdir işğalda olan torpaqlarımızın azad edilməsi ilə bağlı danışıqlar prosesinin nəticəsini gözləyirik. Ancaq hələ də heç nə əldə edə bilməmişik. Sizcə, Qarabağ düyününün çözülməsi üçün bundan sonra necə davranmalıyıq?

 

- Azərbaycan onsuz da danışıqlar yolu ilə məsələni həll edə bilmir, ona görə də danışıqlardan imtina etmək lazımdır. Hətta sülh yolu ilə belə, problemi həll etmək istəsək, Qarabağı itirəcəyik. Çünki yenilənmiş Madrid prinsiplərinə uyğun olaraq Dağlıq Qarabağda referendum keçirilməlidir və bu, baş verərsə, azərbaycanlı qaçqınlar ora geri göndəriləcəksə, bu da əhalinin ən çox 10-15 faizini təşkil edəcək. Yerdə qalan erməni əhalidir və o əhalinin iradəsi də ya Dağlıq Qarabağın müstəqil olmasını, ya da Ermənistana birləşdirilməsini ortaya çıxaracaq.

 

Ona görə də danışıqlar yolu istisna edilir. Beynəlxalq təşkilatlar da deyir ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Amma qeyd edirlər ki, orada yaşayan ermənilərə öz müqəddəratını həll etməyə imkan verilməlidir. Bu veriləcəksə, ərazi bütövlüyü mümkün deyil.

 

Azərbaycanın yeganə yolu qalır ki, öz ərazisində anti-terror əməliyyat keçirsin. Heç Azərbaycan ordusunu bu işə qoşmaq lazım deyil, daxili qoşunları, polisimiz, xüsusi təyinatlılar anti-terror əməliyyatları keçirə bilər. Əgər əməliyyatlar keçirilərkən Ermənistan müdaxilə edərsə, o zaman biz Türkiyəyə müraciət edə bilərik. Bununla bağlı hərbi səviyyədə müqavilələrimiz də var. Türkiyə Azərbaycanın daxilindəki məsələlərə əl qoya bilər. Çünki bizim Ermənistanla işimiz olmayacaq, öz torpaqlarımız daxilində cinayətkar separatçılarla mübarizə aparmalıyıq.

 

- Belə bir addımın, az da olsa, işartısı görünürmü?

 

- Təbii ki. Biz istədiyimiz qədər olmasa da, görünür. Bu günlərdə Naxçıvanda hərbi bazanın yaradılması xəbəri erməniləri ciddi təşvişə salıb.

- Necə düşünürsünüz, Paşinyanın məlum bəyənatından sonra Azərbaycanın Ermənistana cavabı necə olmalıydı?

 

- Paşinyanın həmin çıxışını canlı izləyirdim. Ancaq Paşinyan ondan əvvəl də Dağlıq Qarabağa gəlib-gedirdi və hər səfərində belə fikir səsləndirirdi. Onu da qeyd edim ki, həmin fikir təkcə Paşinyana məxsus deyil, bütünlükdə Ermənistan cəmiyyətinin fikridir. Belə fikri Sarkisyan da səsləndirmişdi. Bütün ermənilər birmənalı olaraq deyirlər ki, “Dağlıq Qarabağ Ermənistanındır”. Onların Qarabağı heç zaman qaytarmaq fikirləri yoxdur, Paşinyan da, əslində, bunu dedi. Amma Baş Nazirin dilindən səsləndirildiyinə görə reaksiya belə oldu.

 

Bu fikirlər səsləndirilən kimi, Azərbaycan öz cavabını raket zərbələri ilə verməliydi. Ancaq Xarici İşlər Nazirliyi çox dişsiz bəyanat verdi, bəzi politoloqlar bunu malalamağa çalışdılar. Mən bunu Ermənistandakı reaksiya ilə müqayisə etdim. Ermənilər əməlli-başılı təşviş içində idilər, Azərbaycanın daha sərt addım atacağını gözləyirdilər. Dörd günlük aprel savaşı onları ehtiyatlı sözlər sərf etməyə sövq edir.

 

Düşünürəm ki, Dağlıq Qarabağla bağlı istənilən məsələyə bizim dövlət qurumlarımız deyil, xalq, siyasi və ictimai təşkilatlarımız ciddi reaksiya verməliydi, küçələrə çıxaraq etirazlarını bildirməliydi, Rusiya səfirliyinə axın edilməliydi.

 

Ümumiyyətlə, xalq olaraq bu məsələlərə həssas münasibət sərgiləməliyik. Xalq təkcə KİV-lərdə yox, küçələrdə də olmalıdır və bu da, əslində, hakimiyyətin apardığı siyasətə dəstək xarakterində olmalıdır. Çünki hakimiyyət bunu dünyaya göstərərək, xalqının Qarabağı tələb etdiyini bildirə bilər. Gələcəkdə Azərbaycanın Qarabağla bağlı atacağı addımların xalqın tələbi ilə atıldığı ifadə edilməlidir. Və bunlar dünyanı silkələyəcək səviyyədə olmalıdır. Bununla da Ermənistandakı “Dağlıq Qarabağ Ermənistanındır” fikrini dəyişdirmək mümkün olar.

 

- Bizim “Dağlıq Qarabağ Ermənistanındır” fikrini dəyişdirməyə, Qarabağı geri almağa hərbi gücümüz varmı, ümumiyyətlə, buna hazırıqmı?

 

- Azərbaycan ordusunun Ermənistandan güclü olduğunu hər kəs bilir. Sadəcə buna qədər biz hazırlıqlı olmalıyıq, bir neçə variantımız, strateji xəttimiz olmalıdır. Dövlət, xalq olaraq buna hazırlaşmalıyıq, hər sahədə, hər mənada səfərbər olmalıyıq. Hazırlıq tam olandan sonra separatçılara ultimatum verilməlidir ki, Qarabağı tərk edin. Bundan sonra görməliyik ki, onların reaksiyası necə oldu.

 

Ancaq biz nə anti-terror əməliyyatı, nə partizan müharibəsi, nə diversant müharibəsi aparırıq. Belə olduğu müddətcə münaqişə uzanacaq. Münaqişənin uzanması da, təbii ki, Ermənistanın xeyrinədir.

 

- Münaqişə uzandıqca, həm də zaman yeni böyüyən nəsli Qarabağdan uzaqlaşdırır...

 

- Elədir. İndi Dağlıq Qarabağda böyüyən ermənilər Azərbaycan adlı dövləti tanımır. Qarabağdan uzaqlaşmamaq üçün təcili tədbirlər görülməlidir, bu il məqam da var idi. Aprel döyüşlərindən sonra Azərbaycan xalqında böyük ruh yüksəkliyi yarandı. Aprel döyüşləri Azərbaycanı bir nöqtədən başqa bir nöqtəyə daşıdı və bu, bizim xeyrimizə oldu.

 

İndi də o döyüşlərə bənzər əməliyyatlar davam etdirilməlidir. Hər gün Ermənistana əsgər meyiti getməlidir. Ermənistan hər zaman gərginlik, təhdid içində olmalıdır ki, bizim kim olduğumuzu dərk edə bilsin. Biz düz edib Ermənistanı bütün regional layihələrdən təcrid eləmişik. Hələ digər dövlətlərə - İrana da təsir etməliyik, Gürücüstanı məcbur etməliyik ki, Ermənistanla siyasi münasibətlərinə, əlaqələrə yenidən baxsın.

 

- Bilirik ki, erməni dilini bildiyinizə görə, erməni mətbuatını yaxından izləyirsiz. Maraqlıdır, biz informasiya müharibəsində də Ermənistana uduzuruq?

 

- Sovet dövründə uduzurduq. Sonrakı illərdə də uduzmuşuq, Ermənistanın atdığı bəzi informasiya torlarına da düşmüşük. Ancaq sonrakı mərhələlərdə yavaş-yavaş bu məsələni dizayn etməyə başladıq. Rusiyada, Avropa coğrafiyasında müəyyən işlər görə bildik.

 

İndiki halda biz ermənilərə informasiya müharibəsində uduzmasaq da, qalib gələ bilmirik. Ermənilər isə bu işi yüz illərdir apardıqlarına görə təcrübələri çoxdur. Yetişdikləri kadrlar çoxdur və həmin kadrları gərəkən yerlərə yerləşdirə biliblər. Məsələn, Rusiyada siyasi tok-şouların hərəsində bir neçə erməni var ki, bütün verilişlərdə Dağlıq Qarabağla bağlı yanlış bilgilər verməkdədirlər. Bizim isə bir Fuad Abbasovumuz var idi - hansı ki, onu da zəif hesab edirdim - onu da Rusiyadan deportasiya etdilər. İndi isə dirəniş göstərəcək, heç olmasa, hay-küy salacaq bir azərbaycanlı belə, yoxdur.

 

Türkiyədə də vəziyyət eynidir. Markar Yesayan, Etyen Mahcupyan və digər jurnalistlər Türkiyədəki bütün televiziya kanallarına çıxırlar, Ermənistan məsələlərini ortaya atırlar, yeri gələndə, Azərbaycanla bağlı fikirlər də səsləndirirlər. Təəssüf ki, hərdən Türkiyədəki media orqanlarında, televiziya kanallarında bəzi jurnalistlərimiz səviyyəsində təmsil olunsaq da, bu məsələdə təsirli ola bilmirik.

 

Həmçinin, Azərbaycanda Ermənistandan çox sayt var, ancaq Ermənistanda araşdırmalar baxımından daha sistemli, ciddi işlər görürlər. Ermənistanda 20-dən çox araşdırma mərkəzi var ki, Azərbaycanla Türkiyəni araşdırır. Biz isə Ermənistanı və erməni dilini yaxşı bilən mütəxəssislərimizi bir araya gətirərək, eyni hədəfə vura bilmirik. Həmçinin erməni dilini bilən və Ermənistan mediasını nəzarətdə saxlayan mütəxəssislərimiz barmaqla sayılacaq qədər azdır. Düzdür, mənim çalışdığım Ərciyəz Universitetində belə mütəxəssislər yetişdirirk. Ancaq onlar hələ gəncdir, gələcəkdə öz töfvələrini verəcəklər.  Məncə, indi mövcud potensialı dəyərləndirmək lazımdır.

Müəllif: Rumiyyə Miraslan