Ruspərəst aksiya Ermənistanda Rusiya sülhməramlılarına qarşı etirazların artması fonunda baş tutub
Ötən gün Xankəndidə ermənilər küçəyə çıxaraq 100 metrlik Rusiya bayrağı ilə yürüş keçiriblər. AYNA xəbər verir ki, erməni mediasının məlumatına görə, “aksiya şəhər sakinləri tərəfindən təşkil olunub”. Bu, Xankəndidə keçirilən ən böyük ruspərəst mitinqdir.
Qeyd edək ki, Rusiya bayrağı ilə keçirilən aksiya Ermənistanda Rusiya sülhməramlılarına qarşı etirazların artması fonunda baş tutub. Azərbaycan Ordusunun avqustun əvvəlində keçirdiyi “Qisas” əməliyyatından sonra sülhməramlılara qarşı etirazlar genişlənib. Xankəndidə Rusiya əleyhinə mitinqlər keçirilib, iştirakçılar rus sülhməramlılarını öz tapşırıqlarını yerinə yetirməməkdə ittiham ediblər. Oxşar aksiyalar İrəvanda da “Fransa sülhməramlıları Qarabağa göndərilsin” tələbi ilə keçirilib.
Onu da bildirək ki, avqustun 21-də Xankəndidə növbəti mitinq keçirilib və orada Rusiya sülhməramlıları tənqid olunub.
Dünən isə qondarma rejimin “parlament” üzvləri Rusiya sülhməramlılarının komandanı, general Aleksandr Volkovla görüşüblər. Görüş zamanı Volkov onları əmin edib ki, yeni yol Laçın dəhlizi ilə eyni statusa malik olacaq, 5 kilometrlik təhlükəsizlik zolağı ilə əhatələnəcək. Sülhməramlıların komandanı həmçinin qeyd edib ki, “avqustun əvvəlində baş vermiş hadisələrdən nəticə çıxarılacaq və təhlükəsizliyin təmin edilməsi üçün əlavə səylər göstəriləcək”.