Vyetnamın ən zəngin qadınlarından birinə ölüm hökmü verilib

Dünya

03.12.2024 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Truong My Lan fırıldaqçılıqla qazandığı pulub 9 milyard dollarını ödəsə, ölüm cəzasından yayına bilər

Vyetnamın ən zəngin qadınlarından biri olan iş qadını Truong My Lanın fırıldaqçılıq işindən verdiyi apellyasiya şikayəti təmin olunmayıb və onun barəsində ölüm hökmü çıxarılıb. AYNA xarici mediaya istinadən bildirir ki, Lan fırıldaqçılıqla əldə etdiyi məbləğin dörddə üçünü, yəni 9 milyard dollar ödəsə, ölüm cəzasından yayına bilər.

68 yaşlı Truong My Lan aprel ayında ölüm cəzasına məhkum edilib. Məhkəmə müəyyən edib ki, Truong My Lan 2011-2022-ci illər arasında “Saigon Commercial Bank”dan 304 trilyon VND (təxminən 12,5 milyard ABŞ dolları) dəyərində kredit alıb. Bu, 2022-ci ildə Vyetnam ÜDM-nin təxminən 3%-ni təşkil edir. Eyni zamanda, onun əməllərindən dəyən ümumi zərər 27 milyard dollar həcmində qiymətləndirilir.

Vyetnam qanunlarına görə, iqtisadi cinayətlərə görə ölüm cəzasına məhkum edilənlər oğurlanmış vəsaitin 75%-ni qaytarsalar, onların həyatları xilas olacaq.

Beləliklə, Truong My Lan ölüm cəzasından yayınmaq üçün təxminən 9 milyard dollar ödəməlidir.

Məhkəmə zamanı iş qadınının müdafiə tərəfi cəzanın ömürlük həbslə dəyişdirilməsini istəyib. Hüquqşünasların fikrincə, ölüm hökmü təhlükəsi məhkumun üzərindən götürülsə, lazımi məbləği toplamaq onun üçün asan olacaq. 9 milyard dollar toplamaq üçün Truong My Lan Ho Chi Minh şəhərindəki daşınmaz əmlak, biznes və tikinti layihələrindəki səhmlər və maraqlar kimi aktivləri satmalıdır.

"Onun aktivlərinin ümumi dəyəri tələb olunan təzminat məbləğindən artıqdır", - onun vəkillərindən biri BBC-yə bildirib.

"Lakin onları satmaq çox səy və vaxt tələb edir: onun aktivlərinin çoxu daşınmaz əmlakdır və onu tez bir zamanda satmaq mümkün deyil", vəkil qeyd edib.

Müəllif: Ayna.az