Vətəndaşı evə qapadırlar, lakin zəruri məqamı görməzdən gəlirlər

Cəmiyyət

12.06.2020 - 16:39

Məşhur filmdə deyildiyi kimi: O əjdahadan bizdə niyə yoxdur?

 

İyunun 14-15-də yenidən evə qapanmalı olacağıq. Bu, artıq ikinci həftəsonudur ki, karantin rejimi tətbiq olunur. Şənbə-bazar karantin rejiminin tətbiq olunacağını eşidər-eşitməz dükan-bazarda yaşanan insan izdihamının hamımız şahidi olduq. Bu izdiham da səbəbsiz deyildi. Əksər vətəndaşlarda “birdən bizə çatmaz, şənbə-bazar günləri yeməksiz, ərzaqsız qalarıq” qorxusu yaşanırdı.

 

Və bu problemin əsas qaynaqlarından biri məsafədən xidmətin normal təşkil olunmamasıdır. Marketlərdə, apteklərdə onlayn xidmət, ünvana çatdırılma sisteminin təşkil olunmaması, yaxud aşağı səviyyədə həyata keçirilməsi sözügedən xaotik vəziyyətə səbəb olur.

 

Həftəsonu yaxınlaşdığı üçün onlayn çatdırılma və ödəmə problemləri yenidən gündəmdədir. Qonşu Türkiyədə və Avropa ölkələrində onlayn xidmət sistemi yüksək səviyyəddədir. Bəzi ölkələr onlayn xidmətləri daim yaxşılaşdıraraq və onları hamı üçün əlçatan səviyyəyə gətirərək digərlərinə nisbətən rəqəmsal gələcəyə daha sürətlə yaxınlaşır. "Onlayn dövlət" xidmətlərində liderlik Estoniyaya məxsusdur.

 

"Çat vasitəsilə bir şey istəmək mənə daha asan gəlir. Ya da bir mağazanın bayram günlərində açıq olub-olmayacağını zənglə yox, "Viber"lə yazaraq öyrənirəm", - Tallin sakini, "Obyte" kriptovalyutası platformasının yaradıcısı Tarmo Annus deyir.

 

Finlandiya da bu sahədə böyük irəliləyişə nail olan ölkələrdəndir. Dövlət xidmətlərindən onlayn istifadənin asanlığı və bir çox xidmətin avtomatik olaraq başqa dillərə tərcüməsi bu ölkəyə gələn əcnəbi mütəxəssislərin işini yüngülləşdirir.

 

"Cənubi Koreyada gün sürətlə ötüb keçir. Meyvələrin sifarişi və çatdırılması ilə qiymətin ödənilməsi cəmi beş saniyə çəkir" – Seul sakini Choi Ye Eun deyir. O, onlayn bankinq və messencer xidmətlərinin qarışığından ibarət "KaKao Bank" xidmətlərinin rahatlığını çox bəyənir.

 

Bəs, məşhur filmdə deyildiyi kimi: O əjdahadan bizdə niyə yoxdur? Onlayn alış-veriş sistemi niyə işləmir və bu problem nə kimi fəsadlar yaradır?

 

İqtisadçı-ekspert Samir Əliyev AYNA-ya şərhində əvvəlcə karantin məsələsinə toxunub: “Mən hər zaman günahın vətəndaşın üzərinə atılmasının tərəfdarı deyiləm. Sosial məsəfanı gözləməmək, çörəyi almaq üçün növbədə sıxlığın yaranması və s. bu kimi hallarda günahkar xalq deyil. Xalq dünyanın hər yerində eyni xalqdır. Xalqları bir-birindən fərqləndirən idarəetmə və mexanizmlərdir. Hansı ölkədə idarəetmə güclüdür və bu mexanizmlər işləyirsə, məlum olur ki, həmin ölkənin xalqı da yaxşıdır”.

 

“Bu gün Opreativ Qərargah insanlara tövsiyyə edir ki, bunları edin, sosial məsafəni qoruyun və s. Amma insanlarda, nəinki bu tövsiyyələrə əməl etmək meyli yoxdur, əksinə cəmiyyətdə bu virusun varlığına inam azalmağa başlayıb. Bunun kökü isə Azərbaycanda insanlarla işləyən institutların olmamasıdır”, - ekspert deyib.

 

Əliyev ölkəmizdə onlayn ödəniş sisteminin zəif inkişaf etməsinin səbəbinə də toxunub: “Səbəb odur ki, bunun üçün vaxtında prosedurlar yaradılmayıb, infrastruktur qurulmayıb. Olimpiya oyunlarına görə posterminallar quruldu, inkişaf etdirildi. İndi gəlin, görək həmin posterminallardan harda var?! Posterminallar iri supermarketlərdədir, bəzilərində heç yoxdur. Bəzilərində isə var, amma işləmir. Bütün mağazalarda posterminallar quraşdırmalıdır ki, vətəndaş pensiya vaxtı gələndə bankomatlara qaçmasın, bilsin ki, pensiya kartı ilə mağazadan çörəyini ala bilər. Bu problem səbəbindən bankomatların qarşısında uzun bir növbə yaranır”.

 

İqtisadçı xüsusi karantin dövründə onlayn alış-veriş xidmətinə ciddi tələbat yarandığını bildirib: “Hətta, supermarketlərin, mağazaların qarşısında elanlar da vururdular ki, həmin mağazalar onlayn sifarişlər qəbul edir. Artıq bu mağazalar vəziyyətə uyğun olaraq öz işlərini qura bilir. Düzdür, onların da bu xidmətləri onlayn deyil. Sifarişi verirsiniz, yenə də nağd ödəyirsiniz. Amma əgər burda şəffaflıq olarsa, bank kartı vasitəsilə saytlarından ödəmək olar və ya verilən sifariş gətirilən zaman kartla ödəniş etmək olar”.

 

S.Əliyevin sözlərinə görə, dünyada onlayn xidmətlərin, ödənişlərin sayının artmasının səbəbi kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır: “Nağd pul korrupsiya, kölgə iqtisadiyyatının inkişafı üçün ən yaxşı ödəniş formasıdır. Amma onlayn olan zaman bütün hər şeyə Mərkəzi Bank nəzarət edə bilir. Onlayn ödənişlərin inkişaf etməməsi ölkədə korrupsiyanın, kölgə iqtisadiyyatının azaldılmasına, şəffaflığın artırılmasına problem yaradır. Bu, ümumillikdə dövlət üçün zərərlidir. Dövlət bu zaman rəsmi gəlirlərə nəzarət edə bilmir”.

 

“Vətəndaş üçün zərəri ondan ibarətdir ki, tutaq ki, vətəndaşın telefonda balansı bitir və gecəyarısıdır. Bu zaman onlayn şəkildə rahat balansını artıra bilir. Lakin bu olmadıqda, o, gecə vaxtı çıxıb harasa getməlidir ki, balansını artırsın. Komunnal xidmətlərdə də eyni hallar baş verir. Hər birini həm də vaxt baxımdan onlayn ödəniş etmək daha rahatdır. Onlayn alış-veriş sisteminin inkişaf etdirilməsi çox vacibdir. Həm operativlik, həm şəffaflıq, həm də vaxta qənaət etmək olur. Yəni, hər bir halda insan üçün rahatlıqdır. Onlayn ödənişlər 7/24 prinsipi ilə işləyir”, - həmsöhbətimiz vurğulayıb.

 

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-nın sorğusuna cavab olaraq bildirildi ki, zamanın tələbinə uyğun olaraq, gələcəkdə mağazalarda yerində satışla yanaşı, onlayn satış sistemi də tətbiq oluna bilər: “Lakin bu məsələ, göründüyü kimi heç də sadə deyil və həm marketinq yanaşması, həm də texniki tərəfdən mükəmməllik tələb edir. Buna baxmayaraq, “OBA” marketlər şəbəkəsində onlayn satışın tətbiqi ilə bağlı artıq həm ticari, həm də rəqəmsal olaraq detalların dərindən araşdırılması aparılır. İstisna deyil ki, dövrün, ən əsası isə müştərilərin tələbatını nəzərə alaraq “OBA”da onlayn satış sistemi tətbiq olunsun”.

Müəllif: Ülviyyə Şahin