10 milyon dollar maliyyə vəsaiti ilə “TikTok” Qurbanları Fondu yaradılacaq
Venesuela Ali Məhkəməsi “TikTok” sosial şəbəkəsini insanın psixi və fiziki sağlamlığına ziyan vuran məzmun yaydığına görə 10 milyon dollar məbləğində cərimələyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Ali Məhkəməsinin sədr müavini Tania D'Amelio “Venezolana de Televisión” telekanalının efirində deyib.
Venesuela Ali Məhkəməsi “TikTok”a 10 milyon dollarlıq cərimə barədə məlumatı təqdim edib. Bu qərarın dərcindən sonra səkkiz gün ərzində məbləğ Venesuela Milli Rabitə Komissiyasına ödənilməlidir.
D'Amelio “xüsusilə uşaqların və yeniyetmələrin psixoloji və fiziki sağlamlığına viral çağırışların vurduğu zərəri” kompensasiya etmək üçün 10 milyon dollar maliyyə vəsaiti ilə “TikTok” Qurbanları Fondunun yaradılacağını söyləyib.
Ali Məhkəmə həmçinin “TikTok”a ölkənin hüquq normalarına riayət olunmasını təmin etmək üçün Venesuelada ofis yaratmağı tapşırıb.