Yaqut Qarayeva: “Süni tənəffüs aparatına qoşulanların isə 97 faizi vaksinasiya olunmayanlardır”
“Azərbaycanda son günlərdə yoluxma kəskin sürətdə artır”. AYNA xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində qeyd edib.
Qarayeva qeyd edib ki, bizim üçün önəmli olan yoluxma əmsalıdır: “Təəssüf ki, avqustun 1-də yoluxma 7 faizə yaxın idisə, bu gün 23 faiz yoluxma əmsalı görürük. Bu da 20 gün ərzində ciddi artıma işarə edir”.
“Hazırda ölkə üzrə pandemiya üçün ayrılan 18 xəstəxana var. Onlardan 11-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edir. Digərləri isə regionlarda yerləşir. Ehtiyac olduğu halda ölkə üzrə 40 xəstəxana fəaliyyət göstərirdi. Avqust ayının 1-də xəstəxanalarda cəmi 808 xəstə var idi. Dünənki rəqəmlərə görə isə bu rəqəm 2458-i keçib. Bütün qaydaların riayət olunmasına diqqət etməliyik. Ehtiyat tibb müəssisələrinin olması bizi rahatlaşdırmamalıdır”, - deyə TƏBİB rəsmisi vurğulayıb.
Y.Qarayeva qeyd edib ki, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiya düşənlərin 96 faizi peyvənd olunmayanlardır: “Süni tənəffüs aparatına qoşulanların isə 97 faizi vaksinasiya olunmayanlardır. Vəfat edənlərin içərisində 99 faiz peyvənd vurdurmayanlardır. Vaksin olunan şəxslərdən 0,6 faizi hosbilitizasiya olunub”.