“Vaxtilə biz ziyalıların dediklərini indi hökumət nümayəndələrindən eşidirik”

Cəmiyyət

19.01.2020 - 18:58

Rüstəm İbrahimbəyov: “İndi Bakıda Sovet dövründəkindən daha çox rusdilli yazıçı var”

 

Görkəmli yazıçı, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyovla Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı həmsöhbət olub. Müsahibəni təqdim edirik:

 

- Xoş gördük, Rüstəm müəllim. Belə bir çiskinli havada vaxtınızı ayırıb mənimlə müsahibəni qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm. Hər halda, bura Bakıdır, bizim üçün istidir və bura bizim evimizdir. Siz, sanki bütün dünyanın insanısınız. Amma burada Sizin üçün xüsusi bir şeylər olmalıdır.

 

- Bütün dünyada mövcud olan hər bir şey hər birimizin həyatı ilə bağlıdır. Həyatımın ən vacib illərini Bakıda keçirdim. Buna görə də buranın hər bir daşı mənim ruhuma rahatlıq gətirir. 6 il idi ki, mənim bura gələ bilmək imkanım yox idi. Onu da qeyd edim ki, həmin illər mənim üçün çox ağır illər oldu və gəlməyim üçün imkan tapdığım ilk fürsətdən sonra vaxtımın yarı hissəsini Bakıda keçirirəm və buraxdığım o illəri geri qaytarıram. Bilirsiniz, bura möhtəşəm şəhərdir, ona görə yox ki, bura mənim şəhərimdir. Şəhər çox intensiv olaraq dəyişir və intensiv şəkildə dəyişməsinə baxmayaraq, maraqlıdır ki, bu dəyişimlə birgə şəhərdə olan ruhu, nəfəsi də qorumaq vacibdir. Bakılı deyimi də burda təsadüfən yaranmamışdı. Məsələ burdadır ki, bütün bizim ata-babalarımız bura müxtəlif rayonlardan gəliblər. Mənim anam əslən bakılıdır, ancaq atam Şamaxıdan gəlmədir. Bu isə təbii prosesdir. Hər yerdə belədir ki, hər zaman bütün şəhərlər kənardan gəlmələr sayəsində formalaşır və mən müşahidə etdiklərimdən belə nəticəyə gəlmişəm ki, həmin gəlmələrin daxili intellektləri yerlilərdən daha da yüksək olur. Hər bir halda, böyük bir şəhər orda yaşadıqca möhürünü vurub insanı formalaşdırır. Buna görə Bakıda olduğum həmin illər bənzərsiz illər idi - o zamanlar yuxarı kurslarda oxuyan zaman...

 

- Neçənci illər idi o zaman?

 

- 1963-cü ildə aspiranturaya daxil oldum, elə həmin vaxt kurslara getməyə başladım. Böyük qardaşım da, ailəmizin digər üzvləri də mədəniyyət sahəsinin adamları idilər. O zaman mən Maqanen, Bitov, İqoza Braytze, Qrand Patıvaşan və s. kimi o zamanın yazıçılarının, istedadlı insanların arasında olurdum. Yazıçıların hamısı humanitar elmlərə sahib idilər, mən isə Bakıdan olan mühəndis idim və savad baxımından onlardan geri qalmırdım. Məni bu səviyyə hazırlayan da elə Bakı oldu. Bütün bunlara görə Bakıya minnətdaram. Gənclik illərimdə dediyim kimi, hazırda mən burada kef edirəm.

 

- Hər halda mən belə bilirəm ki, Bakı o vaxt oxucularla bol olan şəhər idi. İndi isə deyə bilmərəm. Bu barədə mənim bir qədər pessimist yanaşmalarım var.

 

- Belə bir söz deyim. Bütün dünyada ya oxumağı dayandırıblar, ya da oxuyanların sayı azdır. Yəni bu, bütün dünyada belədir. Bu isə informasiya texnologiyaları dönəminə daxil olmaqla əlaqəlidir, müxtəlif informasiya növlərinin mövcud olması ilə bağlıdır. Mən özüm də nəsə axtaranda internetə müraciət edirəm. Bu, çox rahatdır. Bundan imtina etmək lazım deyil. Belə bir deyim var: “Alovsuz yaşamaq olmaz, amma çox alov yanğına səbəbdir, susuz yaşamaq olmaz, amma suyun bol olması boğulmaya səbəbdir”. Yəni hər şey öz həddində gözəldir. Mən belə bir şey aşkar etdim ki, Bakıda indi sayına görə Sovet dövründə olanlardan daha çox rusdilli yazıçı var. Heyrətamizdir. Onlar həm də kifayət qədər bacarıqlı insanlardır. Onlar azdır, bu da normaldır, çünki əhalinin xeyli hissəsi rayonlardan gələnlərdir.

 

- Amma hazırda belə bir tendensiya höküm sürür ki, gənclər öz doğma dilini və bir də ingilis dilini daha çox bilirlər. Lakin rus dilini bilmirlər.

 

- Bilirsiniz, bu, həddindən artıq böyük problemdir. Məsələ burasındadır ki, rus dili yalnız ünsiyyət vasitəsi deyildi, hazırda ingilis dili ünsiyyət vasitəsidir. Rus dili isə ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də yüksək ədəbiyyata, incəsənətə, elmlərə giriş üçün bir kanal idi. Mən elmlə məşğul olan zaman deyirdim ki, “yaxşı alimdir, ingilis dilini bilir, amma yox, rus dilini bilmir, deməli yaxşı alim ola bilməz”. Ona görə ki, mən Moskvada dünyanın ən yaxşı institutlarından birində oxumuşdum. Bizim orada xüsusi tərcümə büromuz var idi. Və onlar həftə ərzində olan yazıları tərcümə edirdilər. Jurnallar il ərzində, kitablar isə 5-6 ay ərzində ərsəyə gəlirdi. Azərbaycanda isə bunun 90 faizi çıxmırdı, çoxluq ya ingilis dilini bilməli idi, ya da rus dilini.

 

- Ola bilər ki, səhv deyim. Uzun zaman bundan əvvəl Sovetlər dönəmində Sofi Çaureli Gürcüstandan gələrkən ondan birbaşa müsahibə alırdılar. O həmin vaxt heç bir aksent olmadan çox gözəl şəkildə rus dilində danışırdı. Lakin Gürcüstanda olarkən rus dilini gürcü aksenti ilə danışırdı. Bax, bu formada onlar, haradasa gürcü olduqlarını vurğulayırdılar.

 

- Bəli, bu, qeyri-ixtiyari olaraq baş verir. Vətənin doğma havası onu məcbur edir. Məsələn, siz rus dilini də, doğma dilinizi də əla bilirsiniz. Belə insanlar günbəgün artır. Biz aktiv şəkildə Azərbaycan dilini inkişaf etdirməliyik, lakin rus dilini də sıradan çıxarmamalıyıq. Yox, onu əvəz edən ikinci bir factor ortaya çıxarsa, heç nə deyə bilmərik. Hələ ki mədəni dünyaya giriş üçün rus dili bizim üçün vacibdir. Bəziləri rus dilinə qarşı mübarizə aparmağa çalışırlar. Lakin mən tamamilə bunun əleyhinəyəm. Mən çox şadam ki, rəsmi siyasət belə insanları dəstəkləmir. Mən tez-tez rayonlara gedirəm, bir çox rayonlarda valideynlər uşaqlarını rus məktəblərinə göndərirlər. Məsələn, İsmayıllı rayonu kimi. Ona görə ki, onlar yaxşı bilirlər sabah uşaqları məktəbi bitirəndə gedib Rusiyada iş axtaracaqlar. Buna görə də onları hazırlamaq lazımdır ki, rahat iş tapa bilsinlər.

Elçin Şıxlı