MKİ direktoru Mossad rəhbəri və Qətər rəsmiləri ilə görüşüb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Varşavada İsrailin Mossad kəşfiyyat idarəsinin direktoru David Barnea və Qətər rəsmiləri ilə görüşüb. Danışıqların məqsədi israilli girovların azad edilməsi məsələsində islamçı HƏMAS qruplaşması ilə danışıqların bərpasına nail olmaq cəhdi olub. AYNA xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilib ki, bu cür formatda görüş ilk dəfə deyil. İsrailin HƏMAS ilə əvvəlki danışıqları, HƏMAS yaraqlılarının İsrail Müdafiə Qüvvələrinin üzvləri olduğuna inandıqları qadın girovlar məsələsi ilə bağlı dalana dirənib.
Bundan əvvəl məlum olub ki, İsrail və HƏMAS rəsmiləri Qəzza zolağında atəşkəsi bərpa etməyə hazır olduqlarını bildiriblər. Bununla belə, hazırda yeni sövdələşmənin detalları ilə bağlı tərəflər arasında fikir ayrılıqlarının olduğu bildirilir.