Vahid taksi tarif sisteminə keçid: İnkişaf, yoxsa inhisar?

Cəmiyyət

03.09.2020 - 15:45

“Bu addım həm taksi xidmətlərinin qiymətlərinin qalxmasına, həm də inhisarlaşmanın formalaşmasına gətirib çıxaracaq”

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) avqustun 31-də yaydığı məlumat cəmiyyətin əsas müzakirə mövzusuna çevrildi. Məlumatda deyilirdi:

 

“Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə keçirilən görüşdə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər. Diqqətə çatdırılıb ki, ötən dövrdə görülən işlərə baxmayaraq, taksi xidmətləri sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar, əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır. Bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda, sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək”.

 

Bunun ardınca BNA-nın rəsmisi Hikmət Babayevin efirdə səsləndirdiyi fikirlər, xüsusilə narazılıqlara səbəb oldu. Onun “Taksi xidmətlərinin qiymətləri, demək olar avtobus qiymətlərinə bərabər olub. Taksi xidmətlərindən əvvəllər olduğu kimi imkanlı insanlar istifadə etməlidir. Taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil” açıqlaması rezonans doğurdu.

Vüqar Bayramov: Sərmayələr Azərbaycanın regionlarının innovativ inkişafına  xidmət edir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis üzvü Vüqar Bayramov AYNA-ya açıqlamasında təəssüflə bildirib ki, hazırda ölkədə taksi xidmətinin keyfiyyəti yüksək deyil: “Çox təəssüf ki, biz son illər bu sektorda xidmətin keyfiyyətinin artmasını müşahidə etməmişik, sektorda fəaliyyət göstərən şirkətlərin sayında artımların olmasına baxmayaraq, biz müsbətə doğru heç bir dəyişiklik görmədik. Şirkətlərin sayının artması xidmətin keyfiyyətinin artmasına gətirib çıxarmır. Hətta, pandemiya dövründə belə, bir sıra hallarda taksi sürücülərinin koronavirusa yoluxmamaq üçün qaydalara əməl etməmələri, tibbi maskalardan istifadə etməmələri kimi halları müşahidə etdik. Ona görə də xidmət keyfiyyətinin artırılması ilə bağlı standartların olması məqsədə uyğun olardı”.

 

Vahid tariflərin tətbiq olunmasına gəldikdə, deputat deyib ki, bu praktika bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Türkiyədə də tətbiq olunur: “Vahid tarif çərçivəsində taksi xidmətlərinin həyata keçirilməsi reallaşır. Təbii ki, hələlik tariflər elan olunmadığı üçün konkret tariflərin müzakirəsi mümkün deyil. Amma biz təklif edir ki, tarif elə müəyyən edilməlidir ki, bir tərəfdən müştərilər üçün xüsusi maliyyə ağırlığı yaratmasın, sərnnişinlərin ödəmə qabliyyətinə uyğun olsun, eyni zamanda da bu, imkan versin ki, taksi şirkətləri gəlir əldə edə bilsin və o sektorda gəlirliliyi artırmaq mümkün olsun. Bu baxımdan vahid tariflər müəyyənləşəcəksə, bunun optimal tariflər formasında tətbiqi məqsədəuyğun olardı”.

 

İqtisadçı-ekspert Azər Mehtiyev isə BNA-nı daha açıq danışmağa çağırıb: “Hansısa konsepsiya barədə danışırlar. Deyirlər ki, hansısa konsepsiya hazırlayıblar və həmin konsepsiya əsasında bu təklifləri irəli sürüblər. Yaxşı olardı ki, BNA bu konsepsiyanı ictimailəşdirsin və ekspertlərin də təklifini öyrənsin, görək, taksi xidmətlərində vahid qiymətlərin tətbiqini nə ilə əsaslandırırlar, məqsədləri nədən ibarətdir”.

Azər Mehtiyev: “Haqq-nahaq bir-birinə qarışıb”

“Ümumilikdə götürsək, bu addım son zamanlar dövlət başçısının özünün elan etdiyi liberallaşma prinsiplərinə ziddir. BNA rəsmisi mətbuata bəyan edib ki, qiymət rəqabəti ədalətsiz bir şeydir, digər sahibkarların hüququnu pozmaq deməkdir. Ancaq bütün dünyada ən ciddi rəqabət məhz qiymət rəqabətidir. Az-çox iqtisadiyyatı öyrənən bilir ki, bütün iqtisad elmi ya qiymət, ya da miqdar rəqabəti üzərində qurulub. Və qiymət rəqabəti də əsas rəqabət elementlərindən biridir. Sahibkarlar üçün qiymət rəqabəti aparmaq çox vacib və əhəmiyyətlidir. Çünki məhz qiyməti aşağı salmaqla, eyni zamanda keyfiyyəti yüksəltməyə çalışmaqla öz mənfəətlərini maksimallaşdırmağa çalışırlar”, - Mehtiyev bildirib.

 

Onun sözlərinə görə, dövlət heç bir halda qiymətlərə müdaxilə etməməlidir: “Çünki taksi xidməti təbii inhisar sahəsi deyil. Bu, rəqabətli bir bazardır. Buna elmi dildə “inhisarçı rəqabət bazarı” deyirlər. Yəni burda çox böyük rəqabət mövcuddur. Burada ən müxtəlif ölçülü firmaların fəaliyyət göstərməsinə şərait yaradılmalıdır. Əgər hökumət bu sahədə istehlakçıların hüquqlarını qorumaq istəyirsə, mütləq şəkildə taksi xidmətlərinin keyfiyyətinə qarşı tələblər müəyyən olunmalıdır”.

 

“Eyni zamanda, taksi avtomobillərinin keyfiyyət göstəricilər, onun texniki hazırlığı ilə bağlı məsələləri tənzimləyə bilər. Lakin heç bir halda qiymət tənzimləməsinə getməməlidir. Zatən, bazarda rəqabətə girəcək firmaların olması və onlar arasındakı rəqabət nəticəsində, vətəndaş üçün sərfəli qiymətlərin formalaşması prosesi baş verəcək. İndiki halda isə BNA-nin bu addımını daha çox inhisarlaşmaya cəhd kimi başa düşmək olar”, - iqtisadçı vurğulayıb.

 

“Burda söhbət ondan gedir ki, BNA özü dövlət hesabına taksilər gətirməklə, hətta, taksi şirkətləri yaratmaqla bu prosesi nəzarətə götürmək istəyir, inhisar yaratmaq istəyir. BNA-nin elan etdiyi bu addım atılarsa, ölkədə həm taksi xidmətlərinin qiymətlərinin qalxmasına, həm də bu sahədə inhisarlaşmanın formalaşmasına gətirib çıxaracaq ki, bu da birbaşa istehlakçıların maraqlarına ziddir”, - ekspert əlavə edib.

Müəllif: Ülviyyə Şahin