Qərar, preparatların xəstəliyin gedişatına praktiki olaraq heç bir təsir göstərməmələri ilə izah olunur
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı daha bir preparatın kliniki testlərini dayandırıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, təşkilatın koordinasiyası əsasında Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı istifadə edilən lopinavir/ritonavir preparatları ilə kliniki testlər aparılırdı. ÜST bu testlərin dayandırılması barədə qərar qəbul edib.
Qurumun rəsmiləri qeyd ediblər ki, testlərin dayandırılması dərmanların hansısa mənfi təsiri ilə əlaqədar deyil. Bu, preparatların daha çox COVID-19 xəstəliyinin gedişatına praktiki olaraq heç bir təsir göstərməmələri ilə izah edilir.
Qeyd edək ki, ÜST analoji qərarı malyariyaya qarşı tətbiq edilən hidroksixloroxinlə bağlı da vermişdi. Lakin həmin dərman preparatının pasiyentlərə mənfi təsiri, eləcə də ölüm hallarının artmasına aparıb çıxarması ehtimalı bu qərarın qəbulu ilə nəticələnmişdi.
ÜST-dən həmçinin bildirilib ki, bu dərman preparatları yalnız xəstəxanalarda müalicə olunan və vəziyyəti ağır qiymətləndirilən xəstələr üzərində test edilib.