“Ürəyindən əməliyyat olunar-olunmaz, yenidən ön cəbhəyə yollandı...” - FOTOLAR

Cəmiyyət

03.04.2024 - 22:26

Ukraynada vəfat edən azərbaycanlı jurnalist haqda: “Adam müharibə gedən ölkənin bu başından vurub, o başından çıxırdı”

Xəbər verdiyimiz kimi, Ukraynada yaşayan və beynəlxalq media qurumları ilə əməkdaşlıq edən, müharibə bölgələrindən reportajlar hazırlayan, döyüş meydanlarından çəkilişlər edən tanınmış azərbaycanlı jurnalist İdrak Camalbəyli Kiyevdə ürəktutmasından vəfat edib. Həmyerlimizlə Kiyevdə vida mərasimi təşkil olunub, daha sonra nəşi Azərbaycana yola salınıb və aprelin 2-də Abşeron rayonunun Masazır kənd qəbristanlığında, atası İslam Camalbəylinin məzarının yanında torpağa tapşırılıb.

Həm Ukraynadakı vida mərasimində, həm də Masazırdakı dəfn mərasimində Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, Ukrayna rəsmiləri, hərbçiləri də iştirak ediblər.

Soydaşımız, həmkarımız İdrak Camalbəylinin Ukraynadakı fəaliyyəti, peşəsi, gördüyü işlər barədə AYNA-ya Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu danışıb:

- İdrak Camalbəyli Ukraynada Azərbaycan mediasını çox ləyaqətlə, cəsarətlə təmsil edən bir şəxs idi. Vaxtaşırı ön cəbhəyə yollanar, orda savaşda olan soydaşlarımızı axtarıb tapır, dağıntı yerlərini, savaş səhnələrini çəkirdi, operator həmkarı Seymur ilə birlikdə. Hətta bir dəfə Xerson tərəfdə olarkən, yanlarında mina da partlamışdı, qəlpə yarası almışdılar. Bundan başqa İdrak humanitar fəaliyyətlə məşğul olan diaspor fəallarının fəaliyyətini də vaxtaşırı işıqlandırırdı.

Mən İdrakı əvvələr qiyabi tanısam da, ilk buraya gəldiyi il Odessada şəxsən tanış olmuşduq. Sonralar da əlaqələrimiz oldu. Amma savaş digər həmkarlar, soydaşlarla olduğu kimi, İdrakla bizi daha da yaxınlaşdırdı, dosta çevirdi. İdrakın çalışdığı "Amerikanın səsi" layihəsini Tapdıq bəy, Əsgər bəy ilk dəfə mənə təklif etmişdilər. Amma həm ailə, uşaqlar, həm də başqa fəaliyyətim olduğu üçün mən İdrakı məsləhət gördüm. O da işinin öhdəsindən canla-başla gəlirdi.

- Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra İdrak döyüş bölgələrində peyda oldu və silsilə reportajlar hazırlama başladı. Bu, onun könüllü seçimi idi, yoxsa...?

- Təbii ki, maddi mənada işə çox ehtiyacı vardı. Amma İdrak mediaya çox bağlı adam idi, həm də daim qaynayan bir təbiəti vardı. Adam bir yerdə dura bilmirdi. Bu gün Ukraynanın bu başında, sabah o biri başında idi. Əslində, onun başqa fəaliyyəti olsa da, bu işi görəcəkdi. Adam sanki bu dünyaya xəbər, reportaj adamı kimi gəlmişdi. Ürəyindən keçirdi ki, savaş bitəndən sonra hər hansı biznes fəaliyyəti ilə məşğul olsun və media ilə bağlı böyük layihələr həyata keçrsin. Əcəl aman vermədi...

- Qanın-qadanın içindən sağ çıxan, düşmən gülləsindən həlak olmayan insan ürəktutmasından vəfat edir. Ürəyi ilə problemi nə idi?

- Çox gözütox, mərd, əliaçıq, həm də əsilzadə biri idi. Problemini də adama elə ərklə deyirdi ki... Bildiyim qədər, Azərbaycanda da işləri düz getməmişdi və bu da ailə həyatına təsir etmişdi. Üzü güləndə də gözlərində dərin bir kədər olurdu qardaşımızın. Bu stress, döyüş meydanın yaşadıqları və digər amillər onun ürəyini xəstə salmışdı. Ürəyindən əməliyyat olundu, stend qoydular. Təsəvvür edin, əməlyyatdan az sonra, nə qədər saxlamağa çalışsaq da, yenə ön cəbhəyə yollandı .

Ona siqaret çəkmək də olmazdı, amma çox çəkirdi. Həm də gənc yaşlarından futbola olan sevgisi başına bəla idi. Nə qədər məzəmmət etsək də, fürsət tapan kimi dostları ilə meydana girirdi. Elə dünyasını da futbol meydançasında oyun zamanı dəyişdi.

- Vətənlə bağlı nə düşünürdü? Ailəsi Azərbaycanda, özü Ukraynada...

- İdrak nə yaşadı ki. Bu gənc yaşda çoxlu arrzuları vardı. Övladlarını böyütmək, onlara yaxşı təhsil vermək arzusundaydı. Hətta “müharibə bitsin, gətirəcəm yanıma, burda təhsillərini davam etdirsinlər” demişdi bir dəfə. Azərbaycana və doğma Lənkəranına çox bağlı idi. Arada “Xəzər Lənkəran”ın indiki durumundan gileylənirdi. Hə, bir də keçmiş futbolçulardan xeyli dostları vardı. Yadıma gəlir, Vadim Vasilyev,  Fərrux İsmayılovla danışırdı vaxtaşırı. Ümumiyyətlə, rəhmətlik dost qazanmaq, ünsiyyət həvəskarı idi. Bir də görürdün, qonaq gəlib, çörək yeyirik və süfrədə kimisə yığdı, ya canlı yayım açdı. Dostlarından və Vətənindən getdi qardaşımız...

Müəllif: İsmayıl Məmmədli