Ürəyimiz niyə dayanır? – Azərbaycanda vəziyyət ürəkaçan deyil

Cəmiyyət

06.07.2023 - 10:15

ASİD sədri: “Real durumu bilməmək sizi qorumur, əksinə, böyük faciələrə yol açır”

Professor: “Avtomobillərini müntəzəm müayinədən keçirirlər, özlərini yox - bu qədər diqqətsizlik olmaz”

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı və dünyaca məşhur statistik mənbələrdən olan “Worldlifeexpectancy”nin apardığı araşdırmada qeyd olunur ki, ürək, qan-damar sistemi xəstəlikləri səbəbindən baş verən ölüm hallarına görə Azərbaycan Tacikistandan sonra dünyada ikincidir. Belə ki, Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388.41 olub.

Siyahıda üçüncü Özbəkistan, dördüncü Ukraynadır. Qafqaz ölkələrindən Gürcüstan 24-cü, Ermənistan isə 28-ci yerdədir. Qardaş Türkiyə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinq siyahısında 127-ci yerdə qərarlaşıb. Qonşu Rusiya siyahıda 27-cidir. Digər postsovet ölkələrindən Belarus 10, Qırğızıstan 16, Moldova 18, Qazaxıstan 35, Latviya 49-cu yerdə müəyyənləşib.

Qeyd edək ki, ÜST-nin məlumatına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yerdədir. Bu xəstəlik gün ərzində minlərlə insanın ölümünə səbəb olur. Kardioskleroz, perikardit, taxikardiya, sinus taxikardiyası, ürək çatışmazlığı, ürək tutması və digər xəstəliklərin geniş yayıldığı mövcud şəraitdə inkişaf etmiş və etməkdə olan ölkələr bu problemə xüsusi diqqət ayırır. Ekoloji tarazlığın pozulması, keyfiyyətsiz qidalar, zərərli vərdişlər, stress və digər səbəblərdən meydana çıxan ürək-damar xəstəliklərinin artması həyəcan təbilidir.

Düşündürücüdür, Azərbaycan niyə bu siyahıda ikincilik qazanıb və ürək-damar mənşəli ölümlərin qarşısını necə almaq olar?

“Ailə Sağlamlığının İnkişafına Dəstək” İctimai Birliyinin (ASİD) sədri, Fransa təhsilli cərrah İlahə Quliyeva AYNA-ya açıqlamasında deyib ki, bu cür hesabatlar tam reallığı əks etdirmir: “Bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, bütün dünyada ürək-damar sisteminə bağlı ölümlər geniş yayılıb. Ölüm səbəbinə görə xəstəliklər sırasında ikinci yerdə onkoloji problemlər gəlir. Ehtimallara görə, yaxın gələcəkdə onkoloji xəstəliklərdən dolayı ölüm səbəbləri sayca ürək-damar mənşəli ölümlərlə bərabərləşəcək”.

“Azərbaycanda da ürək-damar mənşəli ölümlər artıb. Müqayisə aparsaq, deyə bilərik ki, ölümlərin əksəriyyətini bu iki xəstəlik təşkil edir - xüsusən də erkən ölümlərin. Qabaqlar xəstəliklər daha çox irsi səbəblərlə əlaqələndirilirdisə, artıq genetik faktorlar “liderliyi” əldən verir. Nəzər yetirsək, görərik ki, hər bir ailədə, hər bir nəsildə adıçəkilən xəstəliklərdən əziyyət çəkən insanlar var”, - deyə həmsöhbətimiz bildirib.

Erkən ölümlərin qarşısının alınmasından danışan mütəxəssisin sözlərinə görə, bunun üçün komleks tədbirlər həyata keçirilməlidir: “Maarifləndirmə işlərinin aparılması, masir müayinə və müalicə imkanlarının yaradılması nə qədər vacib olsa da, burada əsas məsələ vaxtaşırı müayinələrdir. XXI əsrin qızıl standartı – Avropa protokollarının birinci şərti vaxtında müayinələrlə bağlıdır. Təsəvvür edin ki, sinəsində ağrı yaranan adam həkimə müraciət etmir. Ətrafında olanlarla məsləhətləşir. Onlar da bunu soyuqdəymə, sinir ağrıları kimi qələmə verirlər. Nəticədə şəxs qəflətən vəfat edir”.

“Nəhayət, başa düşməliyik ki, müayinə zamanı xəstəliklərin müəyyən olunması yox, vaxtında qarşısının alınmamaması faciələrə səbəb olur. Tibbi avadanlıq və cihazlar xəstəlik yaratmır, onlar sadəcə sizdə olan problemləri aşkar edir. Orqanizmin real durumunu bilməmək sizi qorumur, əksinə, böyük fəsadlara, hətta faciələrə yol aça bilər”, - deyə Quliyeva vurğulayıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla qəfləti ürək tutmaları və ölümlərlə bağlı AYNA-ya şərhində söyləyib ki, bu cür ölümlərin səbəbləri barədə statistika ictimailəşdirilməlidir: “30-40 yaşlarında qəfil ölümlər çoxalıb. Bu cür statistikalar ictimailəşdirilməli, əhali real situasiyadan xəbərdar olmalıdır. Belə olarsa, xəstəlikləri vaxtında aşkarlamaq, ortaya çıxarmaq və aradan qaldırmaq mümkün olar. Bir çox hallarda xəstələr həkimə çox gec müraciət edirlər. Unutmaq lazım deyil ki, xəstəliklər ilkin mərhələdə müalicəyə daha yaxşı tabe olur”.

“Az hərəkətlilik, oturaq həyat tərzi ürək problemlərini artırır. İnsanlar çox az hərəkət edirlər. Pilləkən əvəzinə liftdən istifadə edir, piyada deyil, avtomobillə gedirlər. Televizor pultla çalışır və heç kəs kanalı dəyişmək üçün yerindən durmalı olmur. Bunlar hamısı insanı oturaq həyata məcbur edir, tənbəlləşdirir. Paralel olaraq da keyfiyyətsiz qidalar, yağlı yeməklər, gündəlik stress ürək problemlərini artırır”, - deyə professor bildirib.

Qeybulla tövsiyyə edir ki, yaşı 40-dan yuxarı olan insanlar üç ildə bir dəfə tibbi müayinələrdən keçsinlər: “Kifayət qədər müasir tibbi avadanlıqlar və cihazlar mövcuddur. Asanlıqla bir çox xəstəlikləri ortaya çıxarmaq mümkündür. Elə adam var ki, 50 yaşını haqlayıb, həyatı boyu kardioloq müayinəsində olmayıb. Oturaq həyat tərzi keçirir, keyfiyyətsiz qidalanır, amma xəbəri olmur ki, orqanizm də bir mexanizmdir və çökür. Təsəvvür edin ki, avtomobillərini müntəzəm müayinədən keçirirlər, özlərini yox. Bu qədər diqqətsizlik olmaz. Əsasən elə bu cür səbəblərə görə də belə faciələr ortaya çıxır. Bir həkim, cərrah, professor olaraq tövsiyyəm odur ki, vaxtında müayinə olunun. Çünki erkən ölümlər adiləşib”.

Müəllif: Azər Niftiyev