Nə meydandakılarda əvvəlki enerji var, nə də tamaşaçılarda həmin həyəcan
Uzun zamandır gözlənilən Tokio Yay Olimpiya Oyunlarına artıq start verilib. Dünyanın ən güclü idmançıları olimpiadada öz güclərini sınayırlar. Bu il Azərbaycan komandası da bu yarışa qoşulub.
Maraqlıdır, sosial şəbəkə istifadəçilərinin oyunlara marağı varmı və kimlərin medal qazanacaqlarını düşünürlər? AYNA sualı sosial şəbəkə üzvlərinə ünvanlayıb. Beləliklə:
Muslim Talut: “Bu olimpiyada ümumiyyətlə zəif olacaq. Bizim güləş yığmamız da yarışa hazır deyil. Təəssüf ki, son illər güləşi məhv ediblər. Deyə bilərəm ki, bu il qızılımız olmayacaq”.
Kazım Navai: “Tokio-2020 olimpiadası tarixin ən zəif olimpiadası olacaq. Dünyanın bütün idmançıları yarışa demək olar ki, tam hazır deyillər. Turistlərin yarışları izləmək marağı da yoxdur. Çünki bahalı COVID testləri insanları bezirib”.
Nəzakət Quliyeva: “Düşünürəm ki, Hacı Əliyev uğurlu nəticə göstərəcək. Digər güləşçilərimizə də inanıram. Rüstəm Orucovun da medal qazanacağına inanırdım, təəssüflər olsun ki, məğlub oldu”.
Anar Orucov: “Bir ümidim güləşçilərimizədir. Onlardan 7-8 ədəd medal gözləyirəm”.
Könül Uğurlu: “Bu il çıxış edən komandamız çox zəifdir. Qızıl medal olacağına inanmıram”.
Orxan Abbaslı: “Hacı Əliyev qızıl medala namizədliyi daha yüksəkdir. Hacımurad Hacıyev dizindən zədə aldığı üçün onu Turan Bayramov əvəz edəcək. Onu deyim ki, 74 kq çəki dərəcəsində çox çətin mübarizə gözləyir Turanı. Ümid edirəm ki, ilk üçlükdə yer tutar. Amma hər şey Turan Bayramovun özündən asılıdır. Şərif Şərifovun isə 97 kq çəkidə əsas rəqibi Sadullayevdir. Etiraf etməliyik ki, rəqib çox güclü və təcrübəlidir. Rafiq Hüseynovun 77 kq çəkidə medal qazanacağına inanıram. 33 yaşı olmasına baxmayaraq idmançımız yaxşı vəziyyətdədir”.
Zaur Qədirov: “Son illərin ən uğursuz olimpiadasıdır. İdmançılar formada deyil. Adi məhlə yarışına bənzəyir. Heç bir maraq yoxdur”.
Ülviyyə Quliyeva: “Yüksək nəticə gözləmirəm. Ölkədə günü-gündən koronavirus xəstələrinin sayı artır. Belə şərtlərlə yarışlara baxmaq, həyəcanla qələbə gözləmək olmur. Bir sözlə, əvvəlki həyəcan yoxdur”.
Sadiq Quliyev: “Güləşçilərimizdən, gimnastlarımızdan və taekvandoçu Radik İsayevdən qızıl medal gözləyirəm. Digər komandaların uğur qazanacağına inanmıram”.
Ramil Cabbarov: “Gimnastlarımızdan medal gözləyirik. Həm yaxşı formadadırlar, həm də bu il keçirilən beynəlxalq yarışlarda medal sahibi olublar”.