"Ulduz" metrostansiyası yaxınlığındakı yanğın söndürülüb

Yazarlar

17.02.2022 - 14:57

Yanğın nəticəsində ümumilikdə 50 kv.m sahədə metal tullantıları və bitum qalıqları yanıb

"Ulduz" metrostansiyasının yaxınlığında baş verən yanğın söndürülüb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, bu gün saat 13:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda "Ulduz" metrostansiyasının yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, ümumi sahəsi 800 kv.m olan beton konstruksiyadan ibarət talvarın altında yerləşən yüngül metalların presləmə sexində tullantılar və bitum qalıqları yanır. Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 50 kv.m sahədə metal tullantıları və bitum qalıqları yanıb. Yanğından sex və dəzgahlar mühafizə olunub.

Müəllif: Ayna.az