Ukraynada yaşayan azərbaycanlı vətənə qayıtmaq istəyir, amma...

Cəmiyyət

23.01.2022 - 14:42

Adam məhkəmədə qalib gəlsə belə, yenə də haqqını geri ala bilməyib

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən və artıq keçmiş məcburi köçkünlərin bu torpaqlara planlı şəkildə qaytarılacağının bəlli olmasından sonra Azərbaycan hökumətinin həllinə göz yummağa çalışdığı başqa bir məsələ aktuallaşdı. Söhbət məcburi köçkünlərin digər Azərbaycan vətəndaşlarından qanunsuz olaraq zəbt etdikləri mənzillərdən gedir.

Ötən əsrin 90-cı illərində, Birinci Qarabağ müharibəsi zamanı doğma torpaqlarını itirərək Bakıya qaçan minlərlə məcburi köçkün evsiz-eşiksiz qalmışdı. Yataqxanalarda, boş evlərdə, mənzillərdə, hətta uşaq bağçalarında, fəaliyyət göstərməyən müəssisələrdə yerləşməyə başladılar. Həmin illərdə çoxsaylı problemlərlə üzləşən ölkə hakimiyyəti mənzillərin qanunsuz zəbt edilməsinə göz yummuş və buna görə də ondan əziyyət çəkən vətəndaşların hüquqlarının müdafiəsini təmin edə bilməmişdi.

Hazırda Ukraynada yaşayan Faiq Məmmədov da belə bir vəziyyətlə üzləşib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geofizika İnstitutunun mənzil növbəsində qeydiyyatda olan F.Məmmədov 1993-cü ildə Qaraçuxur qəsəbəsi, M.Fətəliyeva küçəsi 15 ünvanında 89 nömrəli, bir otaqlı mənzil alıb.

O, mənzilə qapı qoymaq və təmir etdirmək üçün usta da danışmışdı. Bir neçə gündən sonra gələn F.Məmmədov mənzilində tanımadığı şəxsləri - qapısının olmamasından istifadə edərək mənzilini zəbt edən məcburi köçkünlərin olduğunu görüb.

Mənzilin qanuni sahibi dərhal mənzilini tərk etmələrini tələb etsə də, məcburi köçkünlər getməyə yerlərinin olmadığını bildiriblər. F.Məmmədov onların vəziyyətini anlayaraq, onlara başqa yaşayış yeri tapmaq üçün vaxt verib. Amma Məmmədovun xeyirxahlığı başqa cür başa düşülürdü: köçkünlər uzun müddət onun mənzilində məskunlaşmağa qərar veriblər.

Tezliklə mənzilin qanuni sahibi iş axtarmaq üçün Ukraynaya gedib. O, Xarkovda məskunlaşıb, sonra evlənib. Məmmədovun üç qızı olub. Sonuncu doğuş zamanı həyat yoldaşı dünyasını dəyişib. Bakıdakı mənzilini qaytarmaq ümidini itirməyən Məmmədov 2009-cu ildə Azərbaycana qayıdıb və mənzilini zəbt edənləri məhkəməyə verib.

Lakin məhkəmədə qalib gələn Məmmədov yenə də mənzilini geri qaytara bilməyib. Prezidentin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Fərmanı ilə qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmadan yaşayış yerlərindən çıxarılması qadağan edilmişdi. Və həmin vaxt Məmmədovun evini ələ keçirən şəxslər dövlət tərəfindən mənzillə təmin olunmamışdı.

Ev sahibi yenidən Xarkova yollanıb. Orada təkrar evlənib və daha bir qızı dünyaya gəlib. Bir neçə il sonra ikinci həyat yoldaşını da itirib. Məmmədovun qızlarının anaya ehtiyacı olduğundan, yenidən ailə qurub və tezliklə daha bir qızı dünyaya gəlib. Onun böyük qızı Nərminə Məmmədova hazırda Ukrayna universitetlərindən birində 3-cü kurs tələbəsidir. Bir neçə il əvvəl Azərbaycan xəbər saytlarından biri vasitəsilə Nərminə ailəsinin mənzilinin qaytarılmasına köməklik göstərilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət etmişdi...

Məlumata görə, Bakı və Sumqayıt şəhərlərində 3000-ə yaxın mənzil qanunsuz olaraq məcburi köçkünlər tərəfindən zəbt olunub. Həmin mənzillərin əsl sahibləri məhkəmələrə müraciət etsələr də, mənzillərini geri qaytara bilməyiblər. Lakin bu gün, əvvəllər işğal olunmuş ərazilər azad edildikdən və məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra bu problemin də öz həllini tapacağını güman etmək olar.

Və o zaman, az qala 30 il əvvəl mənzilini itirən, çoxuşaqlı ailəsi ilə yad ölkədə evsiz yaşayan, 55 yaşlı F.Məmmədov sərgərdan həyatına son qoyub Bakıya qayıda biləcək. Dövlətin onun acı taleyini nəzərə alaraq, uzun illər məhrumiyyətinə görə mənəvi zərərin əvəzi kimi çoxotaqlı mənzillə təmin etməsi ədalətli olardı. Birotaqlı mənzil onun böyük ailəsi üçün çox dar olacaq...

Müəllif: Asif Aydınlı