Ukrayna taxılını daşıyan gəmilər yola çıxır: karvanda 16 gəmi olacaq

Dünya

31.07.2022 - 15:04

“Taxıl dəhlizi”  üzərində bütün nəzarəti İstanbulda yaradılmış Mərkəz həyata keçirir

Ukrayna taxılı olan ilk gəmilər gələn həftə İstanbula gələ bilər. Söhbət 3 avqust tarixindən gedir. AYNA xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Qeyd olunub ki, karvanda 16 gəmi olacaq. Gəmilər əvvəlcə İstanbula gələcək. Onları pilotsuz təyyarələr və peyklər izləyəcək.

Ukrayna taxılı daha sonra Afrika ölkələrinə, xüsusilə də Somaliyə göndəriləcək. BMT hesab edir ki, taxıl təxminən ay yarımdan sonra təyinat yerinə çatacaq.

“Taxıl dəhlizi”  üzərində bütün nəzarəti İstanbulda yaradılmış Mərkəz həyata keçirir. Bundan əlavə, Türkiyə siqnalları söndürən və liman zəngləri ilə bağlı şəffaf məlumat verməyən gəmilərin ölkənin ərazi sularına buraxılmayacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarının blokdan çıxarılmasına dair saziş imzalanıb.

Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT və Türkiyə ilə ayrı-ayrılıqda eyni sazişlər imzalayıblar.

“Odessa”, “Çernomorsk” və “Yujnı” limanlarına nəzarət tamamilə Ukrayna tərəfindədir.

Müəllif: Ayna.az