Ukrayna bayrağı altına Kreml əməliyyatı – Putin özünü qamçıladı

Dünya

05.05.2023 - 14:10

Moskva Oskara layiq olan bu əməliyyatla hansı məqsədləri güdə bilər?

İndi rus və ya ukraynalı yazıçı olduğu mübahisə edilən Nikolay Qoqolun sayəsində məşhurlaşan “özünü şallaqlamaq” ifadəsi, Kremlə iddia edilən pilotsuz təyyarə hücumu vəziyyətində istifadə üçün tam uyğun gəlir. Yadınızdadırsa, Qoqolun “Revizor” komediyasında unter-zabitin arvadı, bələdiyyə sədrinin dediyi kimi, qadınlar arasında mübahisə zamanı özünü bazarda qamçılamışdı, amma onun buna heç bir aidiyyəti yox idi.

Beləliklə, Kremlin Senat Sarayının günbəzi üzərində dünənki gecə parıltısını bu süjetlə kifayət qədər müqayisə etmək olar, yalnız tam əksinə. Bu halda, deyəsən, Kreml özünü şallaqlayıb və yaranmış vəziyyətdə Bankovanı günahlandırıb.

Bir çox tanınmış ekspertlər bu versiyaya sadiqdirlər, “Telegram” kanalları insayder məlumatlarına istinad edərək eyni barədə yazır. Oxucu bu gün açıq-aşkar Reyxstaqa od vuran və bunda kommunistləri günahlandıran alman faşistlərinin üsulları haqqında düşünərək, Rusiyada baş verənlərdə eyni məntiqi tapa bilər.

Amma gəlin qayda ilə gedək.

Hadisə ilə bağlı ilk mesaj Moskvanın ictimai səhifələrindən birində gecə saat üçün yarısında çıxdı. Ancaq Rusiya hakimiyyəti Vladimir Putinin iqamətgahının Ukrayna pilotsuz uçan aparatlarının (PUA) hücumuna məruz qalması barədə məlumatı düz 12 saatdan sonra yayıb.

CNN mayın 3-də bildirib ki, doğrudan da Kreml üzərində iki pilotsuz təyyarə uçub, lakin Ukraynanın “hücumda iştirakına dair heç bir sübut yoxdur”. İnternetdə dronun Kreml üzərində partlaması və ardınca baş verən yanğın anını əks etdirən video yayılıb. İki PUA bir neçə dəqiqəlik fasilə ilə müxtəlif istiqamətlərdən Kremlə doğru uçub. Spasskaya qülləsindəki saata əsasən, ilk dron Kreml üzərində yerli vaxtla saat 02:27-də görünüb - o, Senat Sarayının üzərində partlayıb və damda yanğına səbəb olub. İkinci PUA saat 02:43-də qeydə alınıb - o, havada partlayıb və onun fraqmentləri Kremlin ərazisinə düşüb.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ilk xəbərlər çıxmazdan təxminən iki saat əvvəl jurnalistlərlə müntəzəm söhbəti zamanı Kreml ətrafında baş verən insidenti qeyd etməyib. Rusiya İstintaq Komitəsi Putinin Kreml iqamətgahına zərbə endirmək cəhdi ilə bağlı terror aktı maddəsi ilə cinayət işi açdıqlarını bildirib.

Dron tərəfindən zədələnmiş Kreml sarayında həqiqətən də Putinin ofisləri və Kremldəki mənzili yerləşir. Rusiyalı jurnalist Fəridə Rüstəmovanın “Telegram” kanalında yazdığı kimi, Senat Sarayının binasında Putin və onun administrasiyasının istifadə etdiyi iş yerlərinin çoxu yerləşir: “Burada həm də Prezidentin Kremldəki mənzili yerləşir. Putin bu yaxınlarda orada Çin lideri Si Szinpini qəbul etmişdi”.

Jurnalist Kremlin rəsmi hesabatında insidentin Putinin həyatına qəsd adlandırılmasının məhz buna görə də təşkil olunduğunu irəli sürüb.

Məşhur Azərbaycan atalar sözündə deyilir ki: “Yalançının evi yandı, heç kim inanmadı”. Kremlin versiyası, təbii ki, məlum səbəblərdən də inandırıcı deyil.

Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienko “Radio NV”-yə müsahibəsində Moskvadakı gecə pilotsuz təyyarə hücumunu FSB tərəfindən səhnələşdirilmiş tamaşa adlandırıb: “Onlar istənilən yolla çalışırlar, əgər pozmasalar da, heç olmasa Ukraynanın əks-hücumunu təxirə salmağa çalışırlar”.

Amerika Müharibənin Tədqiqi İnstitutu olan ISW-nin analitikləri Rusiyanın özünün Kremlə hücum edə biləcəyi versiyasını irəli sürdülər. Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti son vaxtlar hava hücumundan müdafiə sistemlərini gücləndirir - o cümlədən, xüsusi olaraq, Moskvada. Buna görə də, çətin ki, iki pilotsuz təyyarə bir neçə müdafiə təbəqəsini yararaq, birbaşa “Kremlin ürəyinin üstündə” partlasın və açıq-aydın kameralara həkk edilsin. Analitiklərin xatırlatdığı kimi, Kreml heç vaxt digər hərbi təhqirlərə - Xerson və Balakleyanın itkisinə vaxtında informasiya xarakterli cavab verə bilməyib. Bu dəfə rəsmi rus versiyasının sürətli və ardıcıl təqdimatı oldu.

Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyada Nordic sammitinin iştirakçıları ilə brifinq zamanı Ukraynanın işğalçı ölkə Rusiya ərazisinə hücum etmədiyini vurğulayıb: “Mən bu mesajı təkrarlaya bilərəm, düşünürəm ki, bu, hamıya aydın olacaq: biz nə Putinə, nə də Moskvaya hücum edirik”.

Litvanın xarici işlər naziri Qabrielis Landsbergis tvitində Kreml üzərindəki partlayışın dünyada ilk "yalançı bayraq əməliyyatı" olduğunu yazaraq, Kremlə "hücum"u məsxərəyə qoyub. Onun latviyalı həmkarı Edqars Rinkeviç deyib ki, Kreml rejimi "ən yaxşı vizual effektlər" üçün Oskar mükafatına layiqdir.

Beləliklə, yuxarıdakı versiyanı başlanğıc nöqtəsi kimi götürsək, gəlin görək, Kreml həqiqətən də Oskara layiq olan bu əməliyyatla hansı məqsədləri güdə bilərdi? Birdən bir neçəsini təxmin etmək çox asandır:

- anti-Rusiya koalisiyasını parçalamaq və Ukraynaya inamsızlıq yaratmaq;

- Ukrayna tərəfinin əks-hücumunu pozmaq;

- ölkə ərazisində hərbi vəziyyətin tətbiqi, kütləvi səfərbərlik, Vətən müharibəsi elan etmək, öz ərazisində genişmiqyaslı təxribat təşkil etmək;

- bu və ya digər texnogen fəlakət, məsələn, hansısa AES-də baş vermiş partlayış kimi Ukraynanı ittiham etmək üçün səbəblərə malik olmaq;

- “Xüsusi əməliyyat”, onun vəzifələri və məqsədləri, nəticələri və itkilərin miqyası ilə bağlı ictimaiyyətin lüzumsuz suallarına yol verməmək üçün mayın 9-da keçiriləcək qələbə paradını ləğv etmək və ən əsası, əlbəttə ki, Putinin, kiçikmiqyaslı parad keçirilsə belə, orada çıxış etməməsinin səbəbini izah etmək üçün baza yaratmaq.

Ancaq bizim fərziyyəmiz yaşamaq hüququna malikdirsə, Reyxstaqın yandırılmasına bənzər bu əməliyyat Kreml üçün daha neqativ təsirlərə gətirib çıxara bilər: “dərin xalq”ın hələ də inandığı “rus ordusunun gücü” mifini tamamilə məhv edə bilər. Üstəlik, Rusiya tərəfi bu səhnələşdirmə ilə özünü gülünc vəziyyətə saldı: “Kremlə hücum etməklə” nüvəsiz Ukraynanın “nüvə fövqəldövləti”ni qətiyyətlə aşağıladığını təsdiqlədi. Həqiqətən də, Rusiya özünü çox effektiv şəkildə qamçılamağı bacardı...

Müəllif: Mira Həsənova