Ukrayna Ali Radasının keçmiş sədri Lvovda öldürülüb

Dünya

30.08.2025 - 18:41

Andrey Parubiy Sıxov rayonunda səkkiz dəfə atəş açılıb

Lvovda ictimai və siyasi xadim, Ukrayna Ali Radasının keçmiş sədri Andrey Parubiy öldürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Məlumata görə, günorta radələrində Lvovun Sıxov rayonunda atışma olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişi aşkar ediblər. O aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Polis qatili axtarır və onun şəxsiyyətini müəyyənləşdirir. Hələlik qətlin motivləri və ya iştirak edənlərlə bağlı mümkün şübhələr barədə rəsmi məlumat verilməyib.

Parubiyin qətlinin bəzi təfərrüatları məlum olub. Ukrayna mediası məlumat verir ki, ona səkkiz dəfə atəş açılıb.

Hadisəni törədən şəxs silahı çantasına qoyaraq elektrikli velosipedlə ərazidən uzaqlaşıb.

Məlumata görə, atəş açan şəxs “Glovo” kuryeri olub. Onun qara-sarı dəbilqə geyindiyi, üzərində sarı rəngli qutu olduğu və elektrik velosipedində hərəkət etdiyi bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski də Andrey Parubiyin qətlə yetirildiyini təsdiqləyib.

Bundan əvvəl də Parubiyin həyatına sui-qəsd cəhdi edilib: 2014-cü ildə Maydanda özünümüdafiə yoldaşları ilə görüş zamanı siyasətçiyə qumbara atılıb.

Parubiy Avromaydanın liderlərindən birinə çevrilərək “Ləyaqət İnqilabı”nda əsas rol oynayıb. 2013-cü ilin noyabrından o Kiyevin Avropa meydanında çadır şəhərciyinin təşkilinə rəhbərlik edib və Maydan komendantı olub. Onun rəhbərliyi altında “Maydanın özünümüdafiəsi” yaradılıb - etirazçıların təhlükəsizliyini təmin edən və hüquq-mühafizə orqanları ilə toqquşmalar zamanı hərəkətləri əlaqələndirən mütəşəkkil struktur. Bu təşəbbüs sonradan Ukraynanın şərqində hərbi əməliyyatlarda iştirak edən könüllü batalyonların formalaşması üçün əsas olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş