Yeni təşkil edilən mitinqdə Trampın tribunasının ətrafı qoruyucu şüşə ilə əhatə olunub
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp oktyabrın 5-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası mitinqində çıxış edib. AYNA xəbər verir ki, Trampın çıxış etdiyi yer iyul ayında ona qarşı sui-qəsd edilən yer olub.
Siyasətçi mitinqə “minlərlə insanı” cəlb edə bilib. Media respublikaçı ilə görüşə gələn seçicilərin sayının iyul ayında gələn insanların sayından çox olduğunu iddia edib.
Qeyd edək ki, iyul ayının 13-də Tramp sui-qəsd nəticəsində qulağından yaralanıb. Qəsdçi ABŞ Məxfi Xidməti tərəfindən yerindəcə öldürülüb.
Yeni təşkil edilən mitinqdə Trampın tribunasının ətrafı qoruyucu şüşə ilə əhatə olunub.
Namizəd çıxışına əvvəlki mitinqə istinadla başlayıb. Tramp çıxışında sui-qəsd hadisəsinə bir neçə dəfə toxunaraq deyib ki, hadisələr onun tərəfdarlarını “əvvəlkindən daha güclü, qürurlu, qətiyyətli və qələbəyə yaxın” edib.
Amerikalı milyarder İlon Mask Trampın Batlerdə seçicilərlə görüşünə dəvət olunmuş qonaq olub. O, səhnəyə çıxaraq seçiciləri “Amerikada demokratiyanı qorumaq üçün” Trampa səs verməyə çağırıb.
“Əgər respublikaçılar qalib gəlməsələr, bu, sonuncu seçki olacaq. Bu, mənim proqnozumdur”, - deyə iş adamı bildirib.