“Tam əminəm ki, Şon Birləşmiş Ştatların Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək”
ABŞ Prezidenti Donald Tramp 2024-cü il iyulun 13-də Pensilvaniya ştatında keçirilən seçki kampaniyası mitinqində sui-qəsd cəhdi zamanı onu mühafizə edən Şon Kurranı Məxfi Xidmətin yeni direktoru təyin edib. AYNA xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.
“Kurran Pensilvaniyada sui-qəsd cəhdi zamanı məni qorumaq üçün öz həyatını riskə atanda cəsarət göstərdi. Mən tam əminəm ki, Şon Birləşmiş Ştatların Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək”, - Tramp qeyd edib.
Qeyd edək ki, digər departament və hökumət vəzifələrindən fərqli olaraq, Məxfi Xidmət direktorunun təyin edilməsi Senatın təsdiqini tələb etmir.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Butler şəhərində mitinqdə çıxış edən Trampa silahlı sui-qəsd edilib. Güllə Trampın qulağına dəyib. Mitinqin bir iştirakçısı həlak olub, ikisi yaralanıb. ABŞ Məxfi Xidməti hücumçunun zərərsizləşdirildiyini bildirib.
FTB hücumu sui-qəsd cəhdi kimi xarakterizə edib. Hücum cəhdini həyata keçirən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu müəyyən edilib.