ABŞ lideri İranla nüvə proqramı ilə bağlı razılığın əldə olunmasına şübhə ilə yanaşır
ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə proqramı ilə bağlı razılığa gəlmək şanslarının əvvəlki aylarla müqayisədə azaldığı barədə fikir bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə TASS yazıb.
Trampın sözlərinə görə, İran tərəfi danışıqlar prosesini gecikdirir və bu, onu təəssüfləndirir.
“İndi bir neçə ay əvvəllə müqayisədə sazişin bağlanma ehtimalına daha az unanıram. Çünki İranın mövqeyi dəyişib və razılaşma istəyi zəifləyib”, - deyə ABŞ lideri qeyd edib.
Tramp həmçinin vurğulayıb ki, danışıqların nəticəsindən asılı olmayaraq, İranın nüvə silahı olmayacaq. O, əlavə edib ki, problemi müharibəsiz və itkisiz həll etməyə üstünlük verir, lakin Tehranın indiki addımlarının düzgünlüyünə şübhə edir və onları səhv hesab edir.
Xatırladaq ki, ABŞ İrana nüvə sazişi ilə bağlı yenilənmiş təklif təqdim edib. Yeni təklif MAQATE və ABŞ-ın nəzarəti altında mülki ehtiyaclar üçün uranın zənginləşdirilməsi üzrə regional konsorsium yaratmaqdır. Əsas ideyalar arasında müvafiq obyektlərin İrandan kənarda yerləşdirilməsi də var.
İran isə uranın zənginləşdirilməsi üzrə regional konsorsiumun İran ərazisində yerləşdirilməsi şərti ilə ABŞ-la razılaşmaya hazır olduğunu bəyan edib.