Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb
"Bu gün təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər. Yarım saat sonra bir tələbə qızın halı pisləşib. Liseyin işçiləri dərhal təcili tibbi yardım çağırıblar". AYNA xəbər verir ki, bu sözlər Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumatda əksini tapıb.
Qeyd edək ki, bu gün Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompyuterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənib.
Agentlikdən bildirilib ki, tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib: "Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Təhlükə sovuşub".