“Tanax”ın ikinci hissəsi olan “Peyğəmbərlər” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib
Bu gün akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Yəhudi dininin müqəddəs kitabı “Tanax”ın ikinci hissəsi olan “Peyğəmbərlər” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.
AMEA-dan AYNA-ya bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyeva multikultural Azərbaycan cəmiyyətində Yəhudi dininin müqəddəs kitabı “Tanax”ın dilimizə tərcüməsinə böyük ehtiyac olduğunu bildirib. Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqovun 2019-cu ildə ölkəmizdə ilk dəfə olaraq “Tanax”ın birinci hissəsi olan “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə etdiyini xatırladan G.Baxşəliyeva hazırda təqdim edilən “Peyğəmbərlər” kitabının “Tanax”ın ikinci hissəsi olduğunu qeyd edərək, T.Sadıqovun bu tərcümələrinin işıq üzü görməsinin həm də Azərbaycan şərqşünaslıq elmində Hebraistika sahəsinin başlanmasının bir göstəricisi olduğunu vurğulayıb.
Təqdimat mərasimində çıxış edən Teymur Sadıqov “Tanax”ın tərcümə etdiyi birinci hissəsi “Tövrat” və ikinci hissəsi olan “Peyğəmbərlər” kitabı barədə məlumat verib və “Tanax”ın üçüncü hissəsi “Yazılar” kitabının da tərcüməsi üzərində hazırda işlədiyini və ilin sonuna kimi bitirməyi planlaşdırdığını söyləyib.
Sonra “Tövrat” və “Peyğəmbərlər” kitablarının tərcümələri tədbirdə iştirak edən İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə təqdim edilib. Səfir Corc Dik tədbirdə çıxış edərək Teymur Sadıqovu uğurlu işlərinə görə təbrik edib.