“Xalq Prezident kimi mənə və sizin hamınıza öz inamlı etimadını ifadə edib”
Qazaxıstan prezidentliyinə namizəd, hazırkı Prezidenti Qasım-Comərd Tokayev Açıq Cəmiyyət Beynəlxalq Regional Araşdırmalar İnstitutunun növbədənkənar prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələri ilə tanış olub.
AYNA qazax mediasına istinadən bildirir ki, “exit-poll”un nəticələrinin açıqlanmasından sonra Tokayev qərargah üzvləri qarşısında çıxışında başa çatmış seçki kampaniyasını tarixi adlandırıb: “Bu seçki kampaniyası, şübhəsiz ki, tariximizdə qalacaq. “Exit-poll” nəticələri açıqlanıb. Təbii ki, biz seçkilərin rəsmi nəticələrini gözləyirik. Buna baxmayaraq, indidən demək olar ki, xalq Prezident kimi mənə və sizin hamınıza öz inamlı etimadını ifadə edib”.
“Xalqın inamı ən mühüm dəyərdir. Hesab edirəm ki, biz xalqın bu etimadını doğrultmalıyıq. Ona görə də bu gündən - noyabrın 21-dən hamımız işə başlamalıyıq”, – deyə Tokayev vurğulayıb.
Qeyd edək ki, “exit-poll”un nəticələrinə əsasən, prezident seçkilərində ən çox səsi Tokayev toplayıb. O, seçicilərin 82,45 faizinin səsini qazanıb.