Şikayətə dekabrın 21-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Dekabrın 21-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətinə baxılacaq. AYNA xəbər verir ki, bu barədə siyasi fəalın qızı Nigar Həzi bildirib.
Qeyd edək ki, dekabrın 15-də Nərimanov Rayon Məhkəməsi Yaqublunu dələduzluq və sənədləri saxtalaşdırmaqda ittiham barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Vəkil Nemət Kərimlinin sözlərinə görə, istintaq hesab edir ki, Yaqublunun azadlığa buraxılacağı təqdirdə o, istintaqın gedişinə mane olub qaça bilər.
T.Yaqublu ittihamları qəbul etməyib və barəsində qaldırılan cinayət işini siyasi fəaliyyəti ilə əlaqələndirib.
İstintaq Yaqublunu qeyri-qanuni miqrasiyanın təşkili məqsədilə saxta sənədlər hazırlamaqda ittiham edir.