Xüsusi təyinatlılar etirazçılara təzyiq göstərib: bir neçə nəfər saxlanılıb
Xüsusi təyinatlılar Tiflisdə etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıb. Bir neçə nəfər saxlanılıb. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
Xüsusi təyinatlı qüvvələrin kordonu bütün gecəni Rustaveli prospektinin ortasında saxlayıb, etirazçıların parlamentin qarşısındakı əraziyə qayıtmasına mane olub. Təhlükəsizlik qüvvələri onları gecə yarısına yaxın oradan çıxarıb. Səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları yerdə qalan etirazçıları xüsusi təyinatlıların daha bir kordonunun qurulduğu “Rustaveli” metrostansiyasına doğru qovmağa başlayıblar. Vətəndaşlar kordonun yanından metroya tərəf keçiblər. Sonra təhlükəsizlik qüvvələri onların arxasınca qaçaraq bir neçə nəfəri saxlayıb.
Qeyd edək ki, ötən gecə də Gürcüstan Parlamentinin binası qarşısında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib. Etirazlar bütün gecə davam edib. Artıq dördüncü gündür ki, səhərə qədər davam edən etiraz aksiyaları çevik qüvvələrin dağıtması ilə başa çatır.