Ülvi Mehdiyev: “Sui-istifadə halları olsa, təşkilatın məsul şəxsləri məsuliyyətə cəlb olunacaqlar”
Sərt karantin dövründə çox sayda dövlət və özəl təşkilatlar əməkdaşları üçün 700 minə yaxın icazə alıblar. Aparılan araşdırmalar göstərir ki, bəzi təşkilatlar bu imkanlardan sui-istifadə edir, zərurət olmadığı halda əməkdaşlara icazələr alırlar. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev deyib.
“Digər tərəfdən, icazə verilmiş əməkdaşların icazədən təyinatı üzrə istifadə etmədikləri məlum olub. Bununla əlaqədar, bu müddət ərzində 85 minə yaxın icazə Operativ Qərargah tərəfindən silinib və aidiyyatı təşkilatlara bu barədə məlumatlar göndərilib”, - deyə Mehdiyev bildirib.
Qurum sədri əlavə edib ki, Nazirlər Kabinetinin qərarında dövlət qurumları üçün konkret limit, özəl təşkilatlar üçün də konkert sahələr müəyyən olunub: “Hər hansı bir təşkilat Nazirlər Kabinetinin qərarında göstərilən sahəyə uyğun fəaliyyət göstərirsə, növbəti iki həftədə yalnız o sahəyə uyğun məhdud sayda işçisinə icazə almalıdır. 5 iyul tarixinə qədər verilmiş icazələr deaktiv olunacaq. Hər bir təşkilat növbəti həftə üçün qrafikə uyğun olaraq işə çıxmalı olan əməkdaşlarının icazəsini almalıdır. İcazə aldıqdan sonra sui-istifadə halları olsa, təşkilatın məsul şəxsləri müvafiq məsuliyyətə cəlb olunması üçün Operativ Qərargah tərəfindən müvafiq tədbirlər görüləcək”.