“Təkcə son günlərdə 64 min rus əsgəri həlak olub”

Dünya

14.12.2023 - 13:45

Sabiq səfir: “Avropanın sabitliyi Ukraynanın Rusiya üzərində qələbəsindən keçir”

Rusiya - Ukrayna müharibəsi iki ilə yaxındır ki, davam edir. Yüzminlərlə insanın həyatını itirdiyi müharibədə tərəflərdən heç biri əhəmiyyətli üstünlük qazanmayıb. Bu arada, ABŞ və müttəfiqlərinin Ukraynaya dəstəyi dayandıracağı və onu Rusiya ilə sülhə təhrik edəcəyi iddia olunur. ABŞ Senatında Ukraynaya yardımların dayandırılacağı ilə bağlı müzakirələr, Ukrayna ilə Polşa arasında münasibətlərin gərginləşməsi bu ehtimalları artırır.

Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri Azər Xudiyev AYNA-ya müsahibəsində Rusiya - Ukrayna müharibəsinin gedişatı, ABŞ və Qərbin Ukraynaya dəstəkdən imtina edəcəyinə dair iddialar və digər mövzular ətrafında danışıb.

- Hazırda vəziyyət nə yerdədir: Rusiyanın, yoxsa Ukraynanın üstünlüyü var?

- Ukrayna tərəfinin verdiyi məlumata görə, təkcə son günlərdə 64 min rus əsgəri döyüşlər zamanı həlak olub. Təbii ki, Ukrayna ordusu müdafiə tədbirlərini həyata keçirir. Rusiya bütün hərbi qüvvəsini Luqansk, Donetsk və Baxmut istiqamətinə səfərbər edib. Bu da öz növbəsində vəziyyətin gərgin və ağır olduğunu söyləməyə əsas yaradır. Rusiyanın qeyd olunan vilayətlərdə kəskin hücuma keçməsi və tam səfərbər olması onunla bağlıdır ki, Rusiyanı qarşıdakı aylarda ciddi çətinliklər gözləyir. Məlumdur ki, Putinin yeni il çıxışı Rusiyada ciddi qarşılanır. Təsadüfi deyil ki, Boris Yeltsinin istefa verməsi və öz səlahiyyətlərini Vladimir Putinə ötürməsi barədə müraciəti də yeni il çıxışı zamanı baş vermişdi. Putin istəyir ki, yeni il çıxışı zamanı Rusiya xalqına deyəsi sözü olsun. Eyni zamanda martdakı seçkilərə qədər Putin Rusiya xalqının etimadını qazanmağa çalışır. Rusiyanın ciddi cəhdlərinə baxmayaraq, Rusiya ordusu ciddi üstünlük qazana bilmir. Ukrayna ordusunun Zaporojye vilayətində strateji adanı geri qaytarması və digər mühüm hərbi qələbələr bunun bariz nümunəsidir.

- İddialar mövcuddur ki, ABŞ və Qərb Ukraynaya dəstəyi dayandıracaq və onu Rusiya ilə sülhə təhrik edəcək. Bu iddiaların həqiqət yükü varmı?

- Təbii ki, bununla bağlı Ukrayna cəmiyyətində də ciddi narahatlıqlar mövcuddur. Ukrayna ordusunun zəif əks-hücuma keçməsi həm də bununla bağlıdır. Çox təəssüf ki, ABŞ və müttəfiqləri - Qərb bloku sözdə ciddi dəstəyin olduğunu bildirsə də, reallıqda bunlar baş vermir. Almaniya və Yaponiya Ukraynaya yardımları artırıb. Prezident Zelenski ABŞ səfəri və Baydenlə görüşü zamanı Ukraynanın aydın mövqeyini ifadə etdi. Bəyan etdi ki, Ukrayna döyüşləri dayandırmaq və atəşkəs razılaşması imzalamaq niyyətində deyil.

Əslində ABŞ və Qərb tərəfindən ciddi təzyiqlər də yoxdur. Sadəcə yardımlar qismən azaldılıb. Zelenski bildirir ki, İsveçdə mərhələli sülh planı müzakirələri aparıla bilər. Bundan kənarda müzakirələri qəti şəkildə rədd etdiyini söylədi. Belə iddialar da mövcuddur ki, ABŞ və Qərb Rusiyanı arxayın salmaq üçün Ukraynaya dəstəyi azaltdığı görüntüsünü yaradır. Bütün hallarda ABŞ və müttəfiqləri Ukrayna məsələsində geri çəkilərsə, Qərbin reputasiyası ciddi şəkildə zədələnəcək və anti-Qərb koalisiyası güclənəcək. Bu da ilk növbədə ABŞ və müttəfiqləri, Avropanın özü üçün təhlükəlidir.

- Ukrayna ilə Polşa arasında da gərginliklər yaşanır. Hansı ki, müharibənin ilk dövrlərində Polşa Ukraynaya ən fəal dəstək verən ölkələrdən biri idi...

- Polşada yeni hökumət formalaşdı və Donald Tusk Baş nazir seçildi. Tusk kifayət qədər praqmatik siyasətçidir və hər zaman Avropanın təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirib. Bilir ki, Rusiyanın qarşısı indi alınmasa, o, yenidən güc toplayacaq və fərqli taktikalarla həm Ukraynanın, həm də Avropanın üzərinə gələcək. Təbii ki, onlar bunun baş verməməsi üçün çalışacaq və sona qədər müqavimət göstərəcəklər. Polşanın Ukraynaya dəstəyi davam etdirəcəyi gözlənilir. Hazırkı şəraitdə Polşa ilə Ukrayna arasında müəyyən gərginliklər olsa da, bu, nisbi xarakter daşıyır və zənnimcə, uzun çəkməyəcək. Bəli, Polşa Ukraynaya fəal dəstək verən ölkələrdən biri olub və bundan sonra da belə olacaq. Avropanın, eləcə də Polşanın özündə də bilirlər ki, Avropanın sabitliyi Ukraynanın Rusiya üzərində qalib gəlməsindən keçir.

- Rusiya-Ukrayna müharibəsi fonunda regional konfliktlər də dərinləşir. Sizcə, Qərb və anti-Qərb koalisiyaları arasındakı savaşın növbəti hədəfi hansı ölkələr, bölgələr olacaq?

- Təbii ki, Qərb və anti-Qərb koalisiyaları arasında mübarizə bundan sonra da davam edəcək. Hazırda hər iki tərəf əsas diqqətini Ukrayna müharibəsinə yönəldib. Lakin digər bölgələrdə də konfiliktlər davam edir. ABŞ bir tərəfdən Ukraynaya, digər tərəfdən isə İsrailə dəstək verir. Beynəlxalq münasibətlər sistemi çox mürəkkəbləşib və yaxın tarixin kuliminasiya nöqtəsinə çatıb. Tayvan böhranı və digər qlobal konfliktlər bu qəbildəndir. Təbii ki, belə bir şəraitdə region ölkələri də risk qrupuna daxil olur.

Cənubi Qafqazla bağlı baş verənlər də bu xüsusda diqqətdən yayına bilməz. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizi xarici təhlükələrdən qoruyur. Məhz bu siyasətin nəticəsidir ki, 30 ildir düşmən tapdağında olan torpaqlarımız geri qaytarıldı və suverenliyimiz tam mənada bərpa olundu. Hesab edirəm ki, bu siyasət davam edəcək və nəticədə Azərbaycan geosiyasi risklərdən sığortalanmış olacaq.

Müəllif: Azər Niftiyev